Evli övlad valideynlə yaşamamalıdır?
Əməkdar artist Bəsti Bəkirova “Qonaqcanlı” verilişində valideyn-övlad, valideyn-gəlin münasibətlərindən danlışıb. Müğənni oğlundan bəhs edərkən valideynlərə səslənərək, yeni ailə quran övladlarına ayrı ev almağı məsləhət görüb.
“Oğlum və gəlinim ayrı yaşayır. Ailə ayrı yaşamalıdır. Bir ailə qurulubsa bir-birinə öyrəşməli, püxtələşməlidir. Hər ailənin öz söz-söhbəti var, onu niyə böyüklər eşitməli, hiss etməlidir. Cavan gəlin, yeni cütlük tək olmalıdır. O biri oğlum da ailə quranda ayrı yaşayacaq”.
Müğənni nə dərəcədə haqlıdır? Gənc ailənin valideynlərdən ayrı yaşaması daha məqbulmu? Bunun boşanmalara hansısa müsbət təsiri qeydə alınıbmı? Praktika nə deyir?
Sosioloq Mail Yaqub Musavat.com-a qeyd edib ki, boşanan ailələrin müəyyən faizində qayınana və ya qayınatanın müdaxiləsi məsələsi dayanır:
“Bu məsələ baxır ailənin maddi imkanına. Əgər ailənin maddi durumu buna imkan verirsə, düşünürəm ki, yeni evlənənlərin bir-iki ildən sonra valideynlərdən ayrı yaşaması pis olmaz. Çünki təəssüf ki, birgəyaşayış zamanı gəlin–qayınana münasibətlərində problemlər tez-tez üzə çıxır. Bu, artıq cəmiyyətdə kifayət qədər müşahidə olunan bir reallıqdır. Lakin məsələyə bizim milli-mənəvi dəyərlər kontekstindən yanaşdıqda, böyüklərə xidmət etmək, onlara qayğı göstərmək bizim üçün mühüm bir dəyərdir. Bu baxımdan, əgər tərəflər bir-birinə uyğunlaşa bilirlərsə, qarşılıqlı hörmət və anlayış varsa, onların bir yerdə yaşaması daha məqsədəuyğun görünür. Amma əgər vəziyyət kritik həddə çatırsa, yəni münasibətlərdə gərginlik artıq dözülməz səviyyəyə gəlib çıxırsa, bu zaman “mütləq bir yerdə yaşamalıdırlar” kimi sərt yanaşma doğru deyil. Əgər gəlin və qayınana yola getmirsə, onların ayrı yaşaması daha sağlam və doğru qərar olar”.

M.Yaqub bildirib ki, məsələnin incə tərəfi də məhz budur: “Bəzən ailənin qorunmasını ikinci plana atırıq və düşünürük ki, mütləq qayınananın, qayınatanın sözü keçməlidir. Halbuki mən hesab edirəm ki, əsas prioritet ailənin qorunmasıdır. Əgər bunun üçün valideynlər müəyyən mənada güzəştə getməli, səbir göstərməlidirsə, bu addım atılmalıdır. Əsas odur ki, gənc ailə dağılıb getməsin.Təəssüf ki, Azərbaycanda heç bir qurum boşanmaların səbəbləri ilə bağlı dəqiq statistika aparmır. Məsələn, boşanan ailələrin neçə faizində qayınana və ya qaynatanın müdaxiləsinin rol oynadığını göstərən rəsmi rəqəmlər yoxdur. Amma müşahidələr onu deməyə əsas verir ki, bu amilin də müəyyən və kifayət qədər ciddi payı var”.
Sosioloq həmçinin qeyd edib ki, valideynlərlə birgə yaşamağın müsbət tərəflərini də danmaq olmaz: “Ahıl yaşa çatmış valideynlərə diqqət, sevgi və qayğı göstərmək bizim milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz Avropa deyilik, Azərbaycanıq və öz dəyərlərimizi qorumaq bizim üçün vacibdir. Valideynlərimizi unutmuruq, onlara sahib çıxırıq. Bu, dini baxımdan da böyük savab sayılır və insanın mənəvi inkişafına xidmət edir. Eyni zamanda ailə bağlarını möhkəmləndirir, münasibətləri daha da dərinləşdirir və bir çox müsbət nəticələr verir. Amma bütün bunlara baxmayaraq, əsas məsələ yenə də ailənin qorunmasıdır. Əgər seçim qarşısında qalınırsa, ya valideynlərlə mütləq birgə yaşamaq, ya da gənc ailəni qorumaq – məncə burada üstünlük mütləq ailənin qorunmasına verilməlidir. Çünki sağlam və davamlı ailə həm cəmiyyətin, həm də milli dəyərlərin əsas sütunlarından biridir”.
Xalidə Gəray
Musavat.com

