Regiona gözlənilməz hava gəldi: Bakıda və rayonlarda BELƏ OLACAQ
Son günlər Bakı və Abşeron yarımadası başda olmaqla ölkənin bir çox bölgəsində hava şəraiti qeyri-sabit və dəyişkən xarakter alıb. Gün ərzində temperatur kəskin dəyişir, səhər və axşam saatlarında soyuq, günorta isə nisbətən isti hava müşahidə olunur. Yaz fəslinin ortası hesab olunan apreldə havaların daha sabit və mülayim keçməsinin gözlənildiyi halda, qeyri-adi dəyişkənlik diqqət çəkir.
Bəs görəsən, bu dəyişkənliyin arxasında hansı iqlim prosesləri dayanır və yaxın günlərdə hava sabitləşəcəkmi?
Məsələ ilə bağlı News24.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib ki, əslində aprel ayı ölkə üzrə hər zaman yağıntılı və dəyişkən hava şəraiti ilə seçilib:
“Bakı və Abşeron yarımadası ərazisində son illər iqlim dəyişiklikləri və urbanizasiya, xüsusilə də betonlaşma səbəbindən yağıntılar bəzən az müşahidə olunsa da, bu, ümumi tendensiyanı dəyişmir. Abşeron yarımadası yarımsəhra iqlim qurşağında yerləşdiyi üçün burada hava şəraiti tez-tez dəyişkən olur. Bəzən yağıntılar az olur, bəzən isə əksinə, normadan çox qeydə alınır. Ümumilikdə isə ölkənin digər bölgələrində aprel ayı həmişə yağıntılı keçib. Sadəcə, bu il həmin yağıntılar soyuq hava ilə müşayiət olunduğu üçün insanlara daha fərqli və qeyri-adi təsir bağışlayır”.
Ekoloq qeyd edib ki, müşahidə olunan bu hava dəyişiklikləri yeni hal deyil və müəyyən dövrlərlə təkrarlanır:
“Belə hallar əvvəllər də olub. Təxminən hər bir neçə ildən bir və ya onilliklər ərzində bu cür hava şəraiti təkrarlanır. Yəni bu, tamamilə təbii prosesdir və ciddi narahatlıq doğurmamalıdır. Yaxın aylarda hava şəraitinin daha da sabitləşəcəyi gözlənilir. Ümid edirəm ki, may ayı daha isti və normal keçəcək. Mən dəfələrlə şahidi olmuşam ki, aprel ayında gündüz yay geyimində gəzdiyimiz halda, axşamlar hava yağışlı və sərin olub. Bu, yaz fəslinin xarakterik xüsusiyyətidir”.
Onun sözlərinə görə, əsas narahatlıq doğuran məqam kənd təsərrüfatı ilə bağlıdır:
“Əsas məsələ odur ki, meyvə ağacları erkən şaxtaya düşməsin və don vurmasın. Qalan bütün hallar keçicidir. Hətta tarixdə may və iyun aylarında belə qeyri-adi hava şəraitləri, hətta qar yağdığı belə olub”.

