Cəmiyyət 

Bağışlanma cəzadan AZAD edirmi? – Tanınmış VƏKİL liseydəki silahlı insidentdən danışdı

“İdrak” liseyində baş vermiş silahlı insident zamanı yaralanan müəllimə ilə bağlı yeni məlumat yayılıb. Hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilovanın işdən ayrıldığı xəbəri yayılsa da, az sonra lisey tərəfindən təkzib olunub: “Yayılan məlumatların hamısı yalandır. Heç kim işdən çıxarılmayıb. Müəllim işinin başındadır”.

Silahlı insidenti törədən şagirdə gəlincə isə, iddialara görə, istintaq yekunlaşdıqdan sonra təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən onun Londona göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, bu yaxınlarda yayılmış digər məlumatda müəllimənin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbdən də şagirdin azadlığa buraxılacağı gözlənilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. “İdrak” liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimə Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllimə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimənin boyun nahiyəsindən 16 qırma çıxarıblar. Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bəs hansı hallarda zərərçəkmişin cinayətkarı bağışlaması onu cəzadan azad edə bilər? Qanun nə deyir? Axı konkret halda söhbət sağlamlığa ağır zərbə vurmaqdan gedir. Şagirdi hansı cəza gözləyir?

Tanınmış vəkilə Gömrük Komitəsində yüksək vəzifə verildi

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, baş vermiş xoşagəlməz hadisə ilə bağlı hüquqi addımları sırf bağışlanma, avtomatik azadlıq olunma kimi təqdim etmək hüquqi baxımdan ciddi yanlışlıqdır: “Əgər söhbət sadə xəsarətdən getsəydi və bu əməl Cinayət Məcəlləsində ictimai təhlükəliliyi az olan və ya az ağır cinayət kimi təsnif edilsəydi, o zaman zərərçəkmişlə təqsirləndirilən şəxsin barışması işin xitamına səbəb ola bilərdi. Bu, qanunda nəzərdə tutulub. Yəni bəzi hallarda bağışlanma real hüquqi nəticə doğurur. Amma bu konkret hadisədə vəziyyət tam fərqlidir”.

Ceyhun Yusifov deyib ki, silahla müəlliməyə atəş açılması, boyun nahiyəsindən 16 qırmanın çıxarılması sıradan xəsarətlər deyil: “Burada söhbət ən azı qəsdən sağlamlığa ağır zərər vurma və ya həmin istiqamətdə cəhd kimi qiymətləndirilə bilər. Belə əməllər isə ağır və ya xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Bu halda qanunun yanaşması, prinsipi də dəyişir. Zərərçəkmiş bağışlasa belə, dövlət əmələ mütənasib cəza məsələsini həll edir. Çünki bu tip cinayətlər təkcə konkret şəxsə qarşı yox, cəmiyyətə qarşı törədilmiş hesab olunur. Məktəbdə silahlı hücum ictimai təhlükəsizlik məsələsidir. Sabah bu presedentə göz yumulsa, kim zəmanət verə bilər ki, başqa bir şagird eyni addımı atmayacaq?”

Ceyhun Yusifov deyib ki, konkret hadisədə digər mühüm məqam təqsirləndirilən şəxsin yaşıdır: “Əgər o, yetkinlik yaşına çatmayıbsa, bu halda cəza tətbiqi zamanı müəyyən yumşaldıcı hallar nəzərə alına bilər. Amma bu da o demək deyil ki, cinayət məsuliyyətindən tam azad olunacaq. Sadəcə? cəzanın növü və müddəti fərqli ola bilər. Bağışlanma bəzi hallarda cəzadan azad edə bilər, amma silahlı hücum, ağır xəsarət kimi hallarda yox. Bu işdə son sözü məhkəmə deyəcək”.

Ceyhun Yusifov əməli törətmiş şagirdin Londona göndərilməsi məsələsinin hüquqi yox, daha çox ictimai qıcıq doğuran iddia olduğunu deyib: “Çünki istintaq bitmədən, məhkəmə hökmü olmadan şəxsin ölkədən çıxarılması mümkün deyil. Əks halda bu, artıq prosessual pozuntu və məsuliyyət doğuran haldır”.

E.Məmmədəliyev,
Musavat.com

Daha çox xəbərlər