Cəmiyyət 

Bərdədə soğanın qiyməti əkinçilərin gözünü yaşardır – “30 kiloluq kisəni 2 manata alan yoxdur…”

Bərdə rayonunda soğan əkən fermerlər bu il ağır zərərlə üz-üzə qalıblar. Tarlalarda aylarla çəkilən zəhmət, minlərlə manatlıq xərc və tonlarla məhsul indi ya anbarda çürüyür, ya da dəyər-dəyməzinə satılır. Fermerlər deyirlər ki, ötən il 7-8 manata satılan 30-32 kiloqramlıq bir kisə soğan bu gün 2 manata belə alıcı tapmır. Bakıdakı marketlərdə isə soğanın qiyməti “ceyran belində”dir – 50-60 qəpik. Əkənlər “soğan” deyib dad çəkir, satanlar isə kef…

Musavat.com əməkdaşının söhbət etdiyi fermerlərin sözlərinə görə, vəziyyət o həddə çatıb ki, bəzi kəndlilər məhsulu pulsuz paylamağa başlayıb. Çünki onu zibilliyə daşımaq da əlavə xərc tələb edir – maşın pulu, fəhlə haqqı, yükləmə-boşaltma xərcləri…

Fermerlər deyir ki, anbarlarda azı 25-30 ton soğan qalıb: “Bir boş kisənin özü 30 qəpiyə başa gəlir. Alverçilər gəlib dolu kisəyə 1 manat təklif edirlər. Bu qiymətə satmaq zərərdən başqa bir şey deyil”.

Fermerin sözlərinə görə, təkcə suvarma üçün hər dəfə onlarla manat xərc çəkilir: “Torpaq iki dəfə suvarılır. Hər dəfə suya, texnikaya pul veririk. Məhsul yığımına 15-20 nəfər fəhlə cəlb olunur. Hərəsinə günə 25-30 manat ödəyirik. Üstəlik, onların yolpulu, yeməyi var. Günlərlə işləyirlər. Axırda isə məhsul əlimizdə qalır”.

Bərdənin kəndlərində əsas dolanışıq mənbələrindən biri illərdir soğan əkini olub. Bu il isə kəndə daxil olan hər yük maşını ümidə çevrilib. İnsanlar düşünür ki, bəlkə kimsə gəlib məhsul alacaq.

Kənd sakinlərindən biri deyir ki, ötən il qazandığı pula güvənərək borc götürüb və daha çox sahədə soğan əkib: “İndi nə qazanc qaldı, nə də ümid. Borcun içində qalmışam. 100 kisədən cəmi bir neçə manat gəlir əldə etmişəm. Məhsul cücərib, artıq çürüməyə başlayıb”.

Fermerlər bildirirlər ki, soğanı soyuducu anbarlarda saxlamaq da çıxış yolu deyil. Çünki məhsul anbardan çıxarılandan sonra qısa müddətdə xarab olur: “Soyuducuya qoymaq üçün əlavə pul lazımdır. Amma bazar yoxdur. Məhsul çıxarılan kimi 2-3 günə xarab olur. Heç kim risk edib soyuducuya yerləşdirmir”.

Hazırda Bərdə bazarlarında 30 kiloqramlıq bir kisə soğan 2-2,5 manata təklif olunur. Fermerlər deyirlər ki, məhsulu Bakıya aparmaq da sərf etmir. Çünki yolpulu, bazar xərci, yerpulu və digər ödənişlər qazancı tamamilə “yeyir”. Uzun illər soğan əkini ilə məşğul olmuş fermerlər artıq bu sahədən imtina etdiklərini deyirlər.

Fermerlər yaranmış vəziyyəti ixrac imkanlarının azalması və bölgədəki iqtisadi gərginliklə əlaqələndirirlər. Onların sözlərinə görə, əvvəllər məhsul alan vasitəçilər artıq gəlmir, xüsusən də Rusiya bazarı əvvəlki kimi əlçatan deyil.

Kəndlilər hesab edir ki, bir hektar sahəyə 3-4 min manat xərc çəkilsə də, indi həmin pulun heç yarısını geri qaytarmaq mümkün olmur. Nəticədə aylardır zəhmət çəkən insanlar həm məhsulsuz, həm də borc içində qalırlar.

E.Məmmədəliyev,
Musavat.com

Daha çox xəbərlər