Məktəb bufetlərində TƏHLÜKƏ – Kim nəzarət edir?
Bakıda 7 şagirdin zəhərləndiyi məktəbdə bufetin fəaliyyəti dayandırılıb, direktor cəzalandırılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 24-də AQTA “1003 – Çağrı Mərkəzi”nə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı məlumat daxil olub. Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib.

İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə “dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi” diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.
Bəs bufetlərə kim nəzarət etməlidir?
Qida eksperti İlkin Şirinov Musavat.com-a deyib ki, məktəb bufetləri ən həssas məkanlardır. Onun sözlərinə görə, çünki burada qidalananlar azyaşlılardır və buna görə də nəzarət daha güclü olmalıdır. “Ümumiyyətlə, məktəb bufetində çalışanlar məsuliyyətli olmalı, hər şeydən əvvəl vicdan məsələsini düşünməlidirlər. İnsan ən azından vicdanının səsinə qulaq asmalıdır”,_ deyə ekspert çağırış edib.

Onun fikrincə, zəhərlənmə müxtəlif səbəblərdən baş verə bilər: “Burada təkrar istifadə olunan yağ ola bilər. Əksər vaxtlarda “peraşki” təkrar yağda bişirilir, bu hər zaman problemli mövzulardan biri olub. Eyni yağdan dəfələrlə istifadə olunur, hətta ola bilər ki, əvvəlki gündən qalmış yağda “peraşki” bişirilir. Digər tərəfdən, mənşəyi məlum olmayan, sertifikatsız məhsulların satışı da mümkündür. Şirniyyat məhsullarından da zəhərlənmə halları ola bilər. Bu kimi məsələlərdə birinci növbədə məktəb rəhbərliyi məsuliyyət daşımalıdır”.
Şirinov bildirib ki, bufetlərin təchizatını həyata keçirən fiziki və hüquqi şəxslər də məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, burada nəzarəti birbaşa Elm və Təhsil Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirməli, mütəmadi monitorinqlər aparılmalıdır.
Ekspert əlavə edib ki, digər mühüm problem sertifikatsız və aşpaz təhsili olmayanların məktəb bufetlərində işləməsidir:
“Məsələn, qeyd olunur ki, uşaqlar qoğaldan zəhərləniblər. Burada suallar yaranır – qoğal hansı şəraitdə hazırlanıb? Əgər məktəbdə bişirilməyibsə, kənarda hansı şəraitdə hazırlanıb və necə çatdırılıb? İstifadə olunan yağların, ədviyyatların, xəmirin saxlanma qaydaları necə olub? Bütün bu məsələlərə nəzarətsizlik sonda zəhərlənmələrə və ciddi fəsadlara gətirib çıxarır”.
Afaq Mirayiq,
Musavat.com

