Prezidentdən Fransaya açıq mesaj – “Qafqazdan əlinizi çəkin”
Zəngilan bu gün təkcə işğaldan azad olunmuş şəhər deyil, həm də Azərbaycanın yeni geosiyasi reallıqlarının, milli iradəsinin və dövlət qətiyyətinin simvoluna çevrilib. Prezident İlham Əliyevin Zəngilana son səfəri zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq regionda proseslərin iştirakçısı yox, əsas siyasi gündəliyini müəyyən edən gücdür. Dövlət başçısının çıxışında xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, Qərbin ikili standartları, Fransanın destruktiv siyasəti və Avropa İttifaqının bölgədə oynadığı qeyri-səmimi rol açıq şəkildə ifşa olundu.
Otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğal altında qalmasına göz yuman ATƏT-in Minsk qrupu faktiki olaraq münaqişənin həllindən daha çox onun dondurulmasına xidmət etdi. ABŞ, Rusiya və Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, beynəlxalq hüququn və qəbul etdikləri qətnamələrin təminatçısı olmaq əvəzinə, məsələyə siyasi maraqlar prizmasından yanaşaraq işğalçıya təzyiq göstərməkdən yayındılar. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, həmin dairələr Azərbaycanın ərazi bütövlüyünü kağız üzərində dəstəkləsələr də, praktikada Ermənistanın işğal siyasətinə şərait yaradır, dağıdılan şəhərlərə, talan edilən sərvətlərə, məhv olunan mədəni irsə susqun qalırdılar.
Minsk qrupunun fəaliyyəti illər boyu diplomatik imitasiya ilə müşayiət olundu. Həmsədrlər bölgəyə nəticəsiz səfərlər edir, Ermənistanı “kompromisə” çağırmaq əvəzinə, Azərbaycana təslimçi sülh təlqin etməyə çalışırdılar. Hətta bir vaxtlar ortaya atılan “Şimali Qarabağ” kimi absurd ifadələr beynəlxalq vasitəçilərin reallıq hissini nə qədər itirdiyini açıq nümayiş etdirirdi. Halbuki onların gözü qarşısında Azərbaycan şəhərləri viran qoyulur, qanunsuz məskunlaşma aparılır, məscidlər və qəbiristanlıqlar dağıdılırdı. Bütün bunlara baxmayaraq, ATƏT-in Minsk qrupu nə ciddi siyasi mövqe ortaya qoydu, nə də işğalçıya qarşı konkret addım atdı.
Prezident İlham Əliyev isə həm diplomatik müstəvidə, həm də siyasi çıxışlarında bu riyakarlığı illərlə açıq şəkildə ifşa etdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan yalnız öz torpaqlarını azad etmədi, eyni zamanda beynəlxalq hüququn kağız üzərində qalan qətnamələrini özü icra etdi. Bununla da ATƏT-in Minsk qrupu tarixə uğursuz vasitəçilik nümunəsi kimi düşdü. Dövlət başçısının müharibədən sonra həmsədrlərə “sizi biz dəvət etməmişik, fəaliyyətinizə ehtiyac yoxdur” mesajını verməsi Azərbaycanın artıq köhnə və nəticəsiz mexanizmləri qəbul etmədiyini bütün dünyaya nümayiş etdirdi.
Bu gün bölgədə yaranmış yeni reallıqları qəbul etmək istəməyən əsas qüvvələrdən biri Fransadır. Prezident İlham Əliyevin çıxışlarında da xüsusi vurğulandığı kimi, Paris uzun illərdir Ermənistandan geosiyasi alət kimi istifadə etməyə çalışır. Emmanuel Makron administrasiyası isə özünün uğursuz daxili siyasətini ört-basdır etmək üçün Cənubi Qafqazda anti-Azərbaycan ritorikasına üstünlük verir.
Ermənistan ətrafında qurulan saxta “humanitar narahatlıq” kampaniyaları əslində Fransanın neokolonial maraqlarının davamıdır. Təsadüfi deyil ki, bu gün Afrikada müstəmləkəçilik ittihamları ilə üz-üzə qalan Fransa eyni siyasi yanaşmanı Qafqaza da daşımağa çalışır.
Avropa İttifaqının Ermənistanda yerləşdirdiyi müşahidə missiyası da bölgədə sülhə deyil, gərginliyin saxlanılmasına xidmət edən vasitələrdən biri kimi görünür. Əgər Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi davam edir, rəsmi Bakı sülh təşəbbüsünün müəllifi kimi çıxış edirsə, o halda sərhəd boyunca xarici missiyanın yerləşdirilməsi hansı məqsədə xidmət edir? Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bölgəyə kənardan müdaxilə cəhdləri yeni qarşıdurma risklərini artırır və revanşist qüvvələri həvəsləndirir. Xüsusilə Fransanın bu missiyanın əsas himayədarı kimi çıxış etməsi onun regionda destruktiv xəttini bir daha ortaya qoyur.
Bunun fonunda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə misilsiz bərpa və quruculuq işləri həyata keçirir. Zəngilan, Şuşa, Füzuli və digər şəhərlərdə aparılan yenidənqurma prosesi yalnız infrastruktur layihələri deyil, həm də tarixi ədalətin bərpasıdır. Vaxtilə xarabalığa çevrilmiş torpaqlarda bu gün həyat yenidən canlanır, insanlar doğma yurdlarına qayıdır, yeni məktəblər, yollar, hava limanları və yaşayış məntəqələri inşa olunur. Prezident İlham Əliyevin sakinlərlə görüşləri, şəhid ailələri ilə söhbətləri və verdiyi mesajlar dövlətin öz vətəndaşına bağlılığını və Qarabağın əbədi Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir.
Azərbaycanın qazandığı Zəfər təkcə hərbi uğur deyil. Bu Qələbə Cənubi Qafqazda onilliklərlə formalaşdırılmış ədalətsiz status-kvonu dağıtdı, beynəlxalq münasibətlər sistemində ikili standartların iflasını ortaya qoydu və regionda yeni siyasi düzənin əsasını qoydu. Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesajlar da məhz bu yeni mərhələnin siyasi manifesti kimi qəbul edilməlidir.
Cavanşir Abbaslı
Musavat.com

