Sosial 

Beynəlxalq Ailə Günündə ŞOK statistika – İlahiyyatçıdan sərt açıqlamalar

Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlər ölkədə nikah və boşanma dinamikasının ailə institutuna təsiri ilə bağlı diqqətçəkən mənzərə ortaya qoyur. Rəsmi məlumata əsasən, bu ilin ilk iki ayında Azərbaycanda 5250 nikah bağlanıb, 3376 boşanma qeydə alınıb. Ötən il isə 48 546 nikah və 20 675 boşanma rəsmiləşdirilib. Qeyd olunur ki, bu göstəricilər birbaşa həmin il evlənənlərin boşanması ilə bağlı olmasa da, boşanma sayının davamlı olaraq yüksək qalması cəmiyyətdə ailə institutunun dayanıqlılığı ilə bağlı sualları aktuallaşdırır.

Bu gün Beynəlxalq Ailə Günüdür. Məhz bu tarixdə açıqlanan statistika ailə dəyərləri, nikahların möhkəmliyi və boşanma səbəbləri ilə bağlı müzakirələri daha da ön plana çıxarır. Bu kontekstdə İslamda boşanma anlayışı, onun hansı hallarda “son çarə” kimi qəbul edilməsi və ailənin qorunmasına verilən önəm yenidən gündəmə gəlir.

SAMİD.jpg (1.02 MB)

İlahiyyatçı-alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

“Ailə İslam dinində cəmiyyətin təməl sütunlarından biri hesab olunur. Qurani-Kərim ailəni “sükunət”, “məhəbbət” və “mərhəmət” üzərində qurulan bir ocaq kimi təqdim edir. Lakin bəzən ailə münasibətlərində elə ciddi problemlər yaranır ki, birgə həyat artıq tərəflər üçün əzaba çevrilir. Belə hallarda İslam boşanmanı tam qadağan etməyib, lakin onu ən son çıxış yolu kimi qəbul edib. İslam ailənin qorunmasına böyük önəm verir. Hədislərdə buyurulur ki, halal işlər içərisində Allahın ən sevmədiyi əməl boşanmadır. Bu ifadə onu göstərir ki, boşanma haram deyil, lakin səbəbsiz və düşünülməmiş şəkildə həyata keçirilməsi bəyənilmir. Əgər ailədə davamlı zülm, hörmətsizlik, xəyanət, şiddət, mənəvi və psixoloji əzab varsa və bütün islah yolları nəticəsiz qalırsa, o zaman boşanma müəyyən mənada çıxış yolu hesab edilir. Quranda buyurulur: “Əgər ər-arvadın arasının açılmasından qorxsanız, kişinin ailəsindən bir hakim, qadının ailəsindən də bir hakim göndərin. Əgər barışıq istəsələr, Allah onların arasını düzəldər”. (“Nisa” surəsi, 35) Bu ayə göstərir ki, İslam boşanmadan əvvəl barışıq və vasitəçilik yolunu tövsiyə edir. Təəssüf ki, bu gün bir çox ailələrdə ilk problem yaranan kimi ayrılıq düşünülür. Halbuki İslam əvvəlcə dialoq, səbr, məsləhət, ailə böyüklərinin müdaxiləsi, psixoloji və mənəvi dəstək kimi yolları önə çıxarır”.

İlahiyyatçı cəmiyyətdə ən çox yanlış başa düşülən məsələlərdən də danışıb:

“Bəzi insanlar düşünür ki, qəzəb anında üç dəfə “boşadım” deməklə ailə birdəfəlik dağılır. Halbuki fiqhi baxımdan boşanmanın öz şərtləri var: müəyyən niyyət, şüurlu vəziyyət, şahidlərin iştirakı, qadının xüsusi vəziyyətdə olmaması və digər fiqhi hökmlər nəzərə alınmalıdır. Bu gün boşanmaların artmasının müxtəlif səbəbləri var. Sosial şəbəkələrin təsiri, səbrin azalması, maddiyyatın ön plana keçməsi, ailəyə hazırlıqsız evliliklər, dini və mənəvi tərbiyənin zəifləməsi, eqo və fərdiyyətçiliyin artması kimi halları əsas səbəb kimi göstərmək olar. İslam nə ailəni dağıtmağa çağırır, nə də insanı zülm içində yaşamağa məcbur edir. Boşanma İslamda icazəli olsa da, düşünülmüş, ədalətli və son çarə kimi qəbul edilir”.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər