Siyasət 

Hikmət Hacıyevdən anti-Azərbaycan çevrələrə ismarıc: “Karvan öz yolu ilə davam edir”

Prezidentin köməkçisindən Musavat.com-a özəl açıqlama

Ötən illərdə olduğu kimi, bu dəfə də Azərbaycanın evsahibliyi ilə keçirilən beynəlxalq tədbir ərəfəsində ayrı-ayrı qüvvələr qara piar kampaniyasına başlasalar da, heç nəyə nail ola bilmədilər. Elə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günündə bütün dünya bunun şahidi oldu, tədbir uğurla davam edir.

Tədbir öncəsi, COP29-da olduğu kimi, qərəzli bəyanatlar verən, anti-Azərbaycan qətnamələr qəbul edən qüvvələr bu dəfə də məqsədlərinə nail ola bilmədilər. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu mövzu ilə bağlı Musavat.com-a özəl açıqlamasında bildirdi ki, Azərbaycanda bu kimi tədbirlərinin keçirilməsi zamanı bəzən yalanlara, həmçinin dezinformasiyalara əsaslanan müəyyən açıqlamaların, məqalələrin yazılmasının şahidi oluruq: “Onu etiraf edək ki, bunların miqyası əsaslı dərəcədə azalıb. Çünki hesab edirik ki, onları maliyyələşdirən mənbələrin qrantları belə tükənib. Qrant alanların da qrant alma imkanları çox azalıb. İndi onlar müxtəlif yeni metodlar axtarırlar ki, daha hansı bir qrant modellərinə sahiblənsinlər və yaxud özlərini daha hansı bir formada təqdim etsinlər ki, əlavə qrantlar alsınlar. Hər bir halda bu, onların problemidir. Bu kimi qərəzli yanaşmaların az və ya çox olmasına baxmayaraq, Azərbaycan bunlara əhəmiyyət vermir. Elə COP29-un, o cümlədən Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsinə, digər mötəbər tədbirlərə, Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna baxmaq kifayətdi, elə bu faktlar öz-özlüyündə danışır”.

 

Hikmət Hacıyev Ümumdünya Şəhərsalma Forumundan bir müddət əvvəl Avropa Parlamenti, AŞPA və digər anti-Azərbaycan çevrələrin fəallaşması, ölkəmizə qarşı qərəzli mövqelərini ifadə etməsinə lakonik, amma tutarlı reaksiya verdi: “Azərbaycan dilində çox gözəl bir atalar sözü var, onun təfərrüatına tam varmaq istəməzdim. Amma onun son hissəsini qeyd etmək istərdim ki, karvan öz yolu ilə davam edir”.

elshik.JPG (33 KB)

Elşad Paşasoy,

Musavat.com

Daha çox xəbərlər