Bərdədə İctimai Şuranın hesabat iclası keçirildi -VİDEO
Bərdə Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın hesabat xarakterli iclası keçirilib. İclasda ötən dövr ərzində görülən işlər, həyata keçirilən ictimai təşəbbüslər və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Vüsal Bayramov bildirib ki, şura tərəfindən cəmiyyət üçün əhəmiyyət kəsb edən bir sıra təşəbbüslər uğurla həyata keçirilib. O, xüsusilə yas mərasimlərində ehsanın sadələşdirilməsi, və təmtəraqlı mərasimlərin azaldılması istiqamətində aparılan maarifləndirmə işlərinin müsbət nəticələr verdiyini vurğulayıb.
İctimai Şuranın üzvü Axund Hacı Ramazan Hüseynov çıxışında qeyd edib ki, yas mərasimlərində ehsanın sadələşdirilməsi ilə bağlı təşəbbüslər artıq Bərdə ictimaiyyətində dəstək qazanıb. O bildirib ki, bu istiqamətdə aparılan işlər özünü doğruldur və sakinlər tərəfindən anlayışla qarşılanır.
Daha sonra çıxış edən Vüsal Bayramov diqqətə çatdırıb ki, müxtəlif sosial qruplarla keçirilən görüşlər zamanı qaldırılan problemlər qeydiyyata alınaraq aidiyyəti qurumlara təqdim olunub. Onun sözlərinə görə, xüsusilə yol infrastrukturunun və içməli su təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərə Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən həssas yanaşılıb, bir sıra sosial məsələlərin həlli istiqamətində konkret addımlar atılıb.
İclasda çıxış edən şura üzvləri Etibar Hüseynova və Seyid İkram Ağa Ziyadov görülən işləri yüksək qiymətləndirərək, ictimai təşəbbüslərin cəmiyyət üçün faydalı olduğunu bildiriblər.
Şura sədrinin müavini Musa Muradlı isə çıxışında Azərbaycanda keçirilən Dünya Şəhərsalma Forumuna toxunub. O, İlham Əliyev tərəfindən cari ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsini xatırladaraq, “Müasir şəhərsalma və Bərdə şəhərinin inkişaf perspektivləri” mövzusunda ictimai müzakirələrin təşkil olunmasını təklif edib.
Müzakirələrin sonunda İctimai Şura sədrinin hesabatı qənaətbəxş hesab olunub. Qərara alınıb ki, yaxın vaxtlarda “Müasir şəhərsalma və Bərdə şəhərinin inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə təşkil edilsin.

