Gündəm 

İcra hakimiyyətlərinə tender qadağası

Əsas səbəb kimi “qalib” şirkətlərin rayondakı vəzifəli şəxslərin, bir çox hallarda isə məhz icra başçısının himayəsində olmasıdır

Son aylar bir sıra rayonlarda icra hakimiyyətlərinin tenderləri ləğv edilib. Bu, xüsusilə rayon küçələrində bir sıra işlərin görülməsi ilə bağlı elan edilmiş tenderlərdə özünü göstərir. Məsələn, ötən həftə Siyəzən Rayon İcra Hakimiyyətinin keçirmək istədiyi 3 tenderin hamısı ləğv edilib. Məlumatda bildirilir ki, ləğv edilən tenderlərdən biri Siyəzən şəhərinin şəhər daxili yollarının əsaslı təmir işləri ilə bağlı olub. 212 min 888 manatlıq büdcəyə əsaslanan təmir işlərinin dayadırılmasının səbəbi isə qanunvericiliyin tələbinin pozulması olub.

İkinci tender isə Siyəzəndə Heydər Əliyev küçəsi 17, 19, 23 nömrəli binaların əsaslı təmirini ehtiva edib. 29 min 289 manatlıq layihənin dayandırılması da hazırlanan sənədlərin və iştirakçı sayının 3-dən az olması olub. Rayondakı üçüncü tender isə cari təmir işləri ilə bağlı olub. Bunun üçün 25 min 876 manat vəsait ayırmağı da nəzərdə tutub. Lakin nəticələr ləğv edilib. (Mənbə: Tia.az).

Rayonlarda son aylar tenderlərin ləğv edilməsinə əsas səbəb kimi qalib şirkətlərin rayondakı vəzifəli şəxslərin, bir çox hallarda isə məhz icra başçısının himayəsində olmasıdır. Bu səbəbdən abadlıq işləri, yolların, mənzil fondunun təmiri ilə bağlı tenderlər il ərzində bitmək bilmir. İddialara görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hökumət üçün hazırladığı özəl hesabatda da bir çox rayonlarda tenderlərdə şişirtmələr faktı o qədər aşkardır ki, qanunsuzluğu gizlətmək mümkün deyil.

Əkrəm Həsənov: “Mərkəzi Bankın qərarları etibarsızdır, İdarə Heyəti qərar  qəbul edə bilməz”

Əkrəm Həsənov 

Tanınmış vəkil, iqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, tenderlərin bu şəkildə keçirilməsi yeni hal deyil: “Nəinki yerli icra hakimiyyəti orqanları, ümumiyyətlə, dövlət qurumlarının mütləq əksəriyyəti tenderləri kobud pozuntularla keçirir. Yəni qalib şirkət qabaqcadan məlum olur. Şirkətin, yəni qalib şirkətin bu və ya digər şəkildə tenderi elan edən qurumun rəhbərliyi ilə yaxınlığı olur. Digər iştirakçılar ya formal olur,  ya da kimdənsə xahiş edirlər ki, gəlin, siz də iştirak edin, elə edək ki, iştirakçı üçdən az olmasın. Hətta kənar bir şəxs tenderə qatılsa, elə edirlər ki, onun təklifi keçməsin. Bu məsələlər əksəriyyətə məlumdur”.

Əkrəm Həsənov “tenderlərlə bağlı yaranan vəziyyəti dəyişmək üçün nə etmək lazımdır” sualına belə cavab verib: “Tender keçirilməsinin ilk şərti şəffaflıqdır. Şəffaflıq yoxdursa, tenderdən söhbət gedə bilməz. Azərbaycan Respublikasında dövlət satınalmaları – tenderlər sahəsində dövlət nəzarətini birbaşa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir. Agentlik tender prosedurlarında qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir, rəqabəti qoruyur, qiymət şübhələrini araşdırır və satınalmalarla bağlı şikayətlərə baxır. Amma bu quruma etibar yoxdur. Haradan bilək ki, agentlik bu və ya digər tenderin keçirilməsini yoxladı? Biz axı o prosesləri görmürük. İctimai nəzarət yoxdur. Dövlət orqanına nəzarət yoxdursa, orada da sövdələşmə ola bilər. İctimai nəzarət də nədir? Birincisi, qanuna görə hər bir dövlət qurumu illik nəyi, nə qədər alacağı qabaqcadan saytda yerləşdirilməlidir. İctimai nəzarət buradan başlayır. Millət bilməlidir ki, sən, ümumiyyətlə, nəyi necə və neçə manata alırsan”.

Ekspert dedi ki, Azərbaycanda bu qaydaya riayət edən dövlət qurumu yoxdur: “Tenderin keçirilməsi haqda elanı əvvəlcədən, qanunun tələb etdiyi kimi, ilin əvvəlində versələr, ayrı-ayrı şəxslər xəbər tutub tenderdə iştirak edə bilərlər. Bunlar isə tender haqda məlumatları elə vaxt verirlər ki, heç kəs xəbər tutmasın. Çünki ilin əvvəlində elan olunsa, kənar iştirakçılar gələ bilər. Digər sahibkarlıq subyektləri də illik tender planlarını bilib dövlət qurumlarının tenderlərində iştirak edə bilərlər. Buna yol vermirlər”.

Əkrəm Həsənov digər mühüm məqama da toxunub: “İkinci məsələ isə kommersiya hüquqi şəxslərinin reyestrinin qapalı olmasıdır. Hansı ki, heç bir sivil ölkədə, nəinki sivil ölkədə, Rusiyada belə şey yoxdur. Kommersiya hüquqi şəxslərinin sahiblərini hər kəs girib sistemdə görə bilməlidir. Biz onu görə bilsək, biləcəyik ki, hansısa şirkət kimlə bağlıdır, təsisçiləri kimdir. Buna imkan vermirlər. İctimai nəzarət də sıfırdır, yoxdur. Bu gün biz ancaq hansısa şirkətin nə vaxt qeydiyyata alınmasını, kapitalının nə qədər olmasını görə bilirik. O heç, sahibləri kimdir? Bunlar görünərsə, artıq bilinəcək ki, hansı şirkətlər kimə yaxındır. Aydındır ki, heç biri şirkəti öz adlarını etməyəcək. Qohumun, tanışın, bağbanın, aşpazın, sürücünün adına edəcəklər. Amma bu zaman da şirkətin kimə məxsus olmasını müəyyən etmək mümkün olacaq. Kimindir bu? Haradan çıxdı bu? Niyə bu qalib oldu? Yəni məsələ budur. İctimai nəzarətin yolu budur”.

Əkrəm Həsənov vəziyyətdən çıxmaq üçün əvvəllər səsləndirdiyi təklifi yenidən təkrarlayıb: “Hər bir dövlət qurumunun büdcəsi, smetası, səmərəlilik əmsalı var. Olmazmı ki, istisna hallar xaric, bunu aylıq əsaslarla internetdə göstərsinlər? İstisna edək yalnız Müdafiə Nazirliyini, dövlət təhlükəsizliyi ilə bağlı qurumları ki, onları heç kəs görməməlidir. Bu dövlət təhlükəsizliyi məsələləridir. Amma o biri dövlət qurumlarında nə problem var ki, yazsınlar nəyi, neçəyə aldılar? Dövlət büdcəsi Azərbaycan xalqınındırsa, niyə bu məlumatlar gizli olmalıdır? Tenderlərdə bu və ya digər dövlət qurumu nə alıb, neçəyə alıb biz də vətəndaş olaraq görüb müqayisə edək. Bilməliyik ki,  bir dövlət qurumu karandaşı niyə bir, o birisi başqa qiymətə alır. Bunlar açıq məlumatlar olmalıdır. Olmadıqca, tenderlər elə bugünkü qaydalarla, yəni qanunun tələbindən kənar keçiriləcək, dövlət büdcəsindən satınalmalara yönləndirilən məbləğlərə əli çatanlar necə istəyirlərsə, elə də xərcləyəcəklər. Tezliklə tenderlərin qanunun tələb etdiyi şəkildə keçirilməsi təmin olunmalıdır ki, vəziyyət yaxşılığa doğru dəyişsin, büdcədən ayrılan vəsaitlər necə gəldi xərclənməsin”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Daha çox xəbərlər