Gündəm 

SON DƏQİQƏ: Qazaxıstandan AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiyalar barədə açıqlama verilib.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev danışıb.

O bildirib ki, Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsində həlak olanların ailələrinə və xəsarət alanlara ödəniləcək kompensasiyalar nəzarətdə saxlanılır.

“Biz bu prosesi izləyirik. Bütün ödənişlər Azərbaycan, Qazaxıstan və digər ölkələrin vətəndaşlarına həyata keçiriləcək. Sağ qalan, lakin xəsarət alan istənilən dövlətin vətəndaşları üçün heç bir ayrı-seçkiliyin olmaması məqsədilə əlimizdən gələni edəcəyik”, – deyə Kanat Bozumbayev bildirib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsi Bakı-Qroznı marşrutu üzrə J2-8243 reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 kilometr aralıda qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 67 nəfər olub. Onlardan 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Aviaqəza nəticəsində 38 nəfər həyatını itirib.

İlkin istintaq materiallarına əsasən, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyaya məxsus “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Daha çox xəbərlər