Cəmiyyət 

İlahiyyatçıdan qurbanlığı reklama çevirənlərə ETİRAZ: “Kasıba verilən payı…”

Qurban bayramı yaxınlaşdıqca şəhərin ritmi də dəyişir. Küçələrdə qurbanlıq heyvanların satışı canlanır, sosial şəbəkələr və reklam platformaları isə müxtəlif təkliflərlə dolur: “Ən ucuz qurban”, “Hazır paylanmış paket”, “Onlayn sifariş et, kəsim videosu telefonuna gəlsin”.

Bir tərəfdən bu xidmətlər insanların işini asanlaşdırır, digər tərəfdən isə sual doğurur: qurban ibadəti öz mənəvi mahiyyətini qoruyurmu, yoxsa getdikcə marketinq kampaniyasına çevrilir? Əsrlərdir paylaşmaq, yardımlaşmaq və dini borcu yerinə yetirmək anlamı daşıyan qurban ənənəsi bu gün reklam dili, endirim yarışları və kommersiya elementləri ilə nə dərəcədə uyğunlaşır?

Ramazan orucu ilə digər aylarda tutulan orucun fərqi nədir? - İlahiyyatçı-alimdən AÇIQLAMA

İlahiyyatçı-alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Qurban İslamın ən böyük mənəvi məktəblərindən biridir. Bu ibadətin ruhunda təslimiyyət, paylaşmaq, mərhəmət və Allah yolunda fədakarlıq dayanır. Qurban bayramı əslində insanın nəfsini, tamahını və eqosunu qurban verməsidir. Amma müasir dövrdə bazar iqtisadiyyatı bir çox müqəddəs anlayışları kommersiyaya çevirdiyi kimi, Qurban bayramını da marketinq predmetinə çevirmək təhlükəsi yaradır.

Bu gün bəzi insanlar üçün qurban ibadəti artıq mənəvi məsuliyyətdən çox sosial status məsələsinə çevrilib. Kimisi daha bahalı heyvan almaqla nüfuz göstərmək istəyir, kimisi paylaşdığı videolarla “daha savabkar” kimi görünməyə çalışır. Halbuki Qurani-Kərim açıq buyurur ki, Allaha çatan nə qandır, nə də ət Ona çatan yalnız təqvadır”.

İlahiyyatçı vurğulayır ki, bazarın da öz reallığı var və qurbanlıq heyvan satan kəndli il boyu qazanc gözləyir: “Qəssab zəhmət çəkir. Fermer ailəsini dolandırır. Burada ticarətin özü günah deyil. İslam halal qazancı təşviq edir. Problem ibadətin ruhunun itməsi ilə başlayır. Bu gün sosial şəbəkələrdə kəsilmiş heyvanların görüntülərini paylaşmaq, qanlı videolar yaymaq, kasıba verilən payı reklam etmək artıq ciddi mənəvi suallar doğurur. Yardım gizli olanda dəyərlidir. Ehtiyac sahibinin qürurunu qorumaq da ibadətin bir hissəsidir”.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər