Kömür şaxtasında partlayış – 82 ölü, onlarla itkin!
Dünyanın ən böyük kömür istehsalçılarından olan Çində son onilliyin ən ağır, dəhşətli və qanlı sənaye qəzalarından biri qeydə alınıb. Şimal bölgəsində yerləşən nəhəng kömür yatağında baş verən güclü partlayış bütöv bir bölgəni yasa boğub.
Musavat.com xəbər verir ki, Çinin şimalındakı Şanşı əyalətinin Çançji şəhərinin Çinyuan rayonunda yerləşən “Liushenyu” kömür şaxtasında daxildə yığılıb qalan qazın qəfil partlaması nəticəsində azı 82 mədənçi həyatını itirib. Çinin rəsmi dövlət xəbər agentliyi “Sinxua”nın yaydığı son dəqiqə məlumatına görə, hadisə baş verən kritik anda yerin altında, dərinliklərdə növbədə olan 247 mədənçi qorxulu tələyə düşüb. Partlayışın sarsıdıcı dalğasından sonra daha doqquz şaxtaçı daxildə darmadağın olmuş tunellərdə itkin düşüb və hazırda onların axtarışları davam etdirilir.
Dəhşətli faciədən dərhal sonra hərəkətə keçən Çin lideri Si Cinpin ölkənin bütün xüsusi xidmət orqanlarına müraciət edərək yaralıların müalicəsi və tunellərdə sıxılıb qalanların xilası üçün “heç bir səyi əsirgəməməyi” rəsmən əmr edib. Çin rəhbərliyi qəzanın baş vermə səbəblərinin dərindən araşdırılmasını və qanunvericiliyə uyğun olaraq günahkarların ən ağır şəkildə cəzalandırılacağını bəyan edib. Müvafiq olaraq, şaxtanın idarə edilməsinə cavabdeh olan şirkətin yüksək vəzifəli rəhbərləri artıq polis tərəfindən həbs edilib. Yerli fövqəladə hallar idarəsinin verdiyi məlumata görə, partlayışdan əvvəl şaxtada dəm qazının miqdarının normadan qat-qat çox olduğu müəyyən edilib. Hazırda yüzlərlə xilasedici və ağır texnika xüsusi riskli şəraitdə axtarış-xilasetmə missiyasını icra edir.

