Cəmiyyət 

Üzərlik bitkisinin “qara üzü”: Bir çox ölkədə narkotik maddə siyahısına salındı

Əsrlərdir Şərq mədəniyyətində, xüsusən də Azərbaycanda bəd nəzərdən qorunmaq və mənfi enerjini təmizləmək üçün yandırılan üzərlik (harmala) bitkisi ilə bağlı beynəlxalq səviyyədə ciddi qadağalar tətbiq olunmağa başlayıb.

Musavat.com xəbər verir ki, tərkibindəki güclü kimyəvi birləşmələrə görə bu bitki artıq bir çox xarici dövlətdə rəsmən “narkotik tərkibli vasitə” və “psixoaktiv maddə” kimi qəbul edilir.

Səhiyyə mütəxəssislərinin və rəsmi qurumların yaydığı məlumatlara görə, üzərlik bitkisinin, xüsusən də onun toxumlarının tərkibində harmin, harmalin, harmalol və tetrahidroharmin kimi güclü alkaloidlər mövcuddur. Bu maddələr mərkəzi sinir sisteminə birbaşa təsir göstərən psikoaktif birləşmələrdir.

Ekspertlər bildirirlər ki, üzərliyin toxumları yüksək dozada qəbul edildikdə və ya bəzi maddələrlə qarışdırıldıqda insanda halüsinasiyalara, şüur dəyişikliyinə və güclü asılılığa səbəb olur. Bizim məişətdə istifadə etdiyimiz ənənəvi tüstülənmə zamanı yaranan yüngül başgicəllənmə və rahatlıq hissi də məhz bu psixoaktiv maddələrin beyindəki serotonin və dopamin səviyyəsini qəfil artırmasından qaynaqlanır.

Hansı ölkələrdə tam qadağandır? – Ağır həbs cəzaları

Üzərliyin tərkibindəki bu xüsusiyyətlər dünya hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və kəskin qərarların verilməsinə yol açıb:

Rusiya: Rusiya hökumətinin rəsmi qərarı ilə üzərlik (Peganum harmala) bitkisi rəsmən “narkotik vasitələr ehtiva edən bitkilər” siyahısına salınıb. Ölkəyə üzərlik gətirilməsi, satışı və saxlanılması cinayət məsuliyyəti yaradır və şəxsi 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Səudiyyə Ərəbistanı və BƏƏ: Bu ölkələrdə üzərlik ciddi psixoaktiv maddə hesab olunur. Gömrükdə aşkarlanması ağır həbs və dərhal deportasiya ilə nəticələnir.

Fransa və Kanada: Fransada hələ 2005-ci ildən üzərlik və ondan alınan ekstraktların satışı tam qadağan edilib. Kanadada isə tərkibindəki alkaloidlər “Schedule III” (nəzarət edilən təhlükəli maddələr) siyahısındadır.

Avstraliya və ABŞ: Avstraliyada bu bitkidən yalnız elmi məqsədlərlə istifadəyə icazə verilir. ABŞ-ın bir sıra ştatlarında (məsələn, Luiziana) isə tamamilə qadağan olunub.

Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda üzərlik yandırmaq qədim xalq adəti olduğundan daxili bazarda hər hansı bir qadağa mövcud deyil. Bitki bazarlarda sərbəst şəkildə satılır. Lakin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna əsasən, gələcəkdə bu növ bitkilərin dövriyyəsinə nəzarət edilə bilər.

Daha çox xəbərlər