Həkimdən Himalay duzu xəbərdarlığı – Sağlamlığınızı riskə atmayın
Hər il mayın 25-i dünyada Dünya Tiroid Günü kimi qeyd olunur. Bu gün qalxanabənzər vəz xəstəlikləri barədə ictimaiyyəti məlumatlandırmaq, erkən diaqnostikanın əhəmiyyətini diqqətə çatdırmaq və insanların bu sahədə maariflənməsini artırmaq məqsədilə təsis edilib.
Dünya Tiroid Günü ilk dəfə 2008-ci ildən etibarən beynəlxalq səviyyədə qeyd olunmağa başlayıb.
Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin Tiroid Xəstəlikləri Qrupunun üzvü həkim Sibel Ertek Yalçın Himalay duzu ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, son vaxtlar dəb halını alan bu duz növündən həddindən artıq istifadə etmək düzgün deyil.
Professorun sözlərinə görə, qadınlarda süd vəzi xərçəngindən sonra ən çox rast gəlinən ikinci xərçəng növü məhz tiroid xərçəngidir.
Mütəxəssis qeyd edib ki, yod çatışmazlığı tiroid xəstəliklərinin əsas səbəblərindən biridir. Bu səbəbdən gündəlik istifadə olunan duzun yodlu olması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə hamiləlik və südvermə dövründə yod dəstəyinin həkim nəzarəti ilə qəbul edilməsinin vacib olduğu vurğulanıb.
Professor bildirib ki, yodlu duz qara rəngli, ağzı bağlı qabda saxlanılmalı, günəş şüasından qorunmalıdır. Həmçinin duz yemək bişirilərkən deyil, yemək hazır olduqdan sonra əlavə edilməlidir. Onun sözlərinə görə, yodlu duzdan istifadə zob və tiroid düyünlərinin yaranma riskini azaldır.
Mütəxəssis tiroid xəstəliklərinin əlamətlərindən də danışıb. Bildirib ki, qalxanabənzər vəzin zəif fəaliyyəti halsızlıq, yorğunluq, qəbizlik, dəridə quruluq və kobudlaşma, şişkinlik, arıqlaya bilməmək kimi problemlərə səbəb ola bilər. Vəzin həddindən artıq işləməsi isə ürəkdöyünmə, çəki itkisi, ishal və güclü tərləmə ilə özünü göstərə bilər.
O əlavə edib ki, ailəsində tiroid xəstəliyi olan şəxslər və boyun nahiyəsindən şüa müalicəsi alanlar mütəmadi endokrinoloq nəzarətində olmalıdır. Boyunda hiss edilən şişlik və ya kütlə isə tiroid düyünü və ya zobun əlaməti ola bilər./Yeni Sabah

