Sosial 

Bakıdakı böyük bazarların BÖYÜK dərdi

Bir zamanlar Bakının ritmi bazarlarda döyünürdü. Şəhərin müxtəlif istiqamətlərindən insanlar səhər tezdən “Vosmoy”a, “Təzə bazar”a, “Yaşıl bazar”a axışar, alış-verişlə yanaşı, burada həm də sosial ünsiyyət qurardılar. Satıcı ilə alıcının söhbəti, məhsulun dadına baxılması, qiymət üstündə bazarlıq – bütün bunlar illərlə gündəlik həyatın ayrılmaz hissəsi olub. İndi isə mənzərə dəyişib. Bazarların sıxlığı seyrəlib, bir çox köhnə bazarlar isə ümumiyyətlə tarixə çevrilib. Bu gün paytaxtda fəaliyyət göstərən əsas ticarət məkanları sırasında “Vosmoy” kimi tanınan “8-ci km bazarı”, “Yaşıl bazar”, “Təzə bazar”, “Nəsimi bazarı” və “Şərq bazarı” qalır.

Vaxtilə paytaxtın ən işlək ünvanlarından olan  “Yasamal bazarı” və “Şüşəli bazar” isə artıq fəaliyyət göstərmir. Bu dəyişiklik təkcə bir neçə ticarət məkanının bağlanması deyil, həm də Bakıda illərlə formalaşmış bazar mədəniyyətinin zəifləməsinin göstəricisi sayılır. Ən böyük səbəblərdən biri market şəbəkələrinin sürətlə genişlənməsidir. Son illərdə demək olar ki, hər məhəllədə iri və orta ölçülü marketlər fəaliyyət göstərməyə başlayıb. İnsanlar artıq saatlarla bazar gəzmək əvəzinə, yaşadığı binanın aşağısındakı marketdən alış-veriş etməyə üstünlük verir. Marketlərdə sabit qiymət, kart ödənişi, endirim kampaniyaları və rahatlıq amili alıcını özünə çəkir.

Bazarların əsas üstünlüyü isə illərlə daha ucuz və daha təbii məhsul təqdim etməsi idi. Lakin son dövrlərdə bu fərq də hiss olunacaq dərəcədə azalıb. Bir çox alıcı hesab edir ki, bazarlarda qiymətlər artıq əvvəlki kimi sərfəli deyil. Xüsusilə meyvə-tərəvəz və ət məhsullarında qiymət fərqinin minimuma enməsi insanları marketlərə yönəldib. Üstəlik, bəzi hallarda bazarlarda sanitariya, parklanma və rahat hərəkət problemləri də alıcıları narazı salır.
Digər mühüm məqam həyat tərzinin dəyişməsidir. Müasir şəhər insanı sürətli xidmət istəyir. İnsanlar artıq bir neçə fərqli satıcıdan məhsul seçmək, qiymət danışmaq üçün vaxt sərf etmək istəmir. Market sistemi isə “gir-al-çıx” prinsipi ilə işlədiyi üçün daha praktik görünür. Ancaq bütün bunlara baxmayaraq, bazarlar hələ də tamamilə sıradan çıxmayıb. Xüsusilə kənd məhsullarına üstünlük verənlər, təzə və yerli məhsul axtaranlar üçün bazarlar öz əhəmiyyətini qoruyur. Bayram ərəfələrində və mövsümi dövrlərdə bazarlarda yenidən canlanma hiss olunur. Bu isə göstərir ki, problem təkcə insanların bazardan uzaqlaşması deyil, bazarların da yeni dövrün tələblərinə uyğunlaşa bilməməsidir.

İqtisadçı Xalid Kərimli bildirir ki, marketlər bazarlardan fərqli olaraq, insanlara komfort təqdim edir: “İnsanların maddi vəziyyəti yaxşılaşdıqca, artıq həftəlik bazarlara getmək əvəzinə evlərinin yaxınlığındakı marketlərdən alış-veriş etməyə üstünlük verirlər. Yəni burada bazarlar hansısa ciddi səhv etməyib. Sadəcə, marketlər insanlara daha keyfiyyətli xidmət göstərməyə başlayıb. İnsanlar da zaman keçdikcə marketlə bazar arasındakı qiymət fərqinin göstərilən xidmətə uyğun olduğunu düşünməyə başlayıblar. Əvvəllər əsasən kənd təsərrüfatı məhsullarının satıldığı ənənəvi bazarlar fəaliyyət göstərirdi. Marketlər isə məhz bu sahədə bazarlara rəqib kimi ortaya çıxdı. Marketlərin əsas üstünlüyü insanlara yaxın olması idi.

Rublun ucuzlaşmasının Rusiya iqtisadiyyatına faydası var - Xalid Kərimli

Məsələn,  Yasamalda yaşayan bir insanın pomidor almaq üçün “8-ci kilometr” bazarına getməsinə ehtiyac qalmadı. Artıq binasının altındakı marketdən bir neçə pomidor almaq onun üçün daha rahat idi.
İnsanlara komfort təqdim olunması, marketlərin yaşayış yerlərinə yaxın olması və 24 saat fəaliyyət göstərməsi bazarlarla müqayisədə ciddi üstünlük yaratdı. Çünki bazarlar əsasən axşam saat 6-7-yə qədər işləyir. İşdən çıxan insanların isə bazara çatması hər zaman mümkün olmur.

Bütün bu amillər nəticəsində bazarların müştərilərinin əhəmiyyətli hissəsi marketlərə yönəldi. Əsas məsələ də budur. Yoxsa bazarlar əvvəlki dövrlə müqayisədə daha pis fəaliyyət göstərmir. Sadəcə marketlər xidmət keyfiyyəti və rahatlıq baxımından bazarların müştəri payının bir hissəsini özünə çəkə bildi. Bu isə tam normal prosesdir. Problem o zaman yaranardı ki, bazarlar bağlanardı. Amma hazırda həm bazarlar fəaliyyət göstərir, həm də marketlərə sərbəst ticarət imkanı yaradılır. Buna görə də burada qeyri-adi və ya narahatedici vəziyyət yoxdur”.

X. Kərimlinin sözlərinə görə, marketlər müştərilərə daha geniş xidmət imkanları təqdim edir: “ Soyuducular, dondurucular, uzun iş saatları və bəzi hallarda 24 saat fəaliyyət göstərməsi onların üstünlüklərindəndir. Ən tez bağlanan marketlər belə gecə saat 11-ə qədər açıq olur. Bazarlar isə bu xidməti göstərə bilmir. Nəticədə bazarların müəyyən müştəri payı tədricən marketlərə keçmiş oldu”.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər