Cəmiyyət 

Minalar müharibədən sonra da öldürür ━━ Ermənistanın ölüm mirası üçün təzminat vaxtıdır

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial media hesabında yazıb ki, Azərbaycanda 2020-ci il noyabrın 10-dan etibarən mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb, onlardan 73-ü həlak olub, 354-i isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onun sözlərinə görə, minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır miraslarından biri olaraq qalır və aktiv hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da insan həyatına son qoymağa davam edir:

“2020-ci il noyabrın 10-dan etibarən Azərbaycanda mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb, onlardan 73 nəfəri həlak olub, 354 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərin 231 nəfəri mülki şəxsdir 1991-ci ildən bu günədək isə mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var”.

Prezidentin köməkçisi qeyd edib ki, minaların yaratdığı faciəvi insan itkisi ilə yanaşı, genişmiqyaslı mina çirklənməsi məcburi köçkün ailələrinin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, azad edilmiş ərazilərin bərpasına, iqtisadi inkişafına və kənd təsərrüfatının dirçəldilməsinə ciddi maneə törədir.

“Aşkar edilərək zərərsizləşdirilən hər bir mina təkcə potensial olaraq xilas edilmiş bir insan həyatı deyil, həm də bərpa və yenidənqurma yolunda atılmış mühüm addımdır. Minatəmizləmə fəaliyyəti yalnız təhlükəsizlik məsələsi deyil, həm də humanitar zərurət və dayanıqlı bərpa ilə inkişafın əsas şərtlərindən biridir”.

kenan_novruzov.jpg (115 KB)

Məsələ ilə bağlı politoloq Kənan Novruzov Musavat.com-a bunları deyib: “Məlum olduğu kimi, İkinci Qarabağ savaşından əvvəlki dövrdə ermənilər Qarabağda xeyli mina basdırıblar. Bu, ciddi itkilərə səbəb olmaqla yanaşı, həm də bərpa-quruculuq və qayıdış prosesini ləngidən əsas amildir. Ermənistan bir neçə dəfə minalı ərazilərin xəritəsini Azərbaycana versə də, onların dəqiqlik dərəcəsi az olub. Görünür, ya İrəvan saxtakarlıq edir, ya da xəritə onda yoxdur. Ermənistanda keçirilən parlament seçkilərindən sonra indi əsas məsələ regional sülh və sabitliyin təmini istiqamətində addımların atılmasıdır. Bu kontekstdə minalı ərazilərin xəritəsi məsələsi xüsusi gündəmdə olmalıdır. Həm İrəvan, həm də Moskva ilə təmaslarda bu məsələ xüsusi qabardılmalıdır.

İkinci bir tərəfdən, Ermənistanın işğal dövründə basdırdığı minaların nəticələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı, İrəvana qarşı təzyiq mexanizmi kimi istifadə olunmalıdır. Bu kontekstə Ermənistandan təzminat tələb edilməsi məsələsi də gündəmdə olmalıdır. Hər halda Ermənistan Azərbaycana dəymiş maddi-mənəvi ziyana görə məsuliyyət daşıyır və onun cəzasını ödəməlidir. Münasibətlərin normallaşması İrəvanı bu məsuliyyətdən azad etməməlidir”.

Daha çox xəbərlər