“Bir donorun verdiyi qan bir neçə həyatı xilas edə bilər” – Səhiyyə Nazirliyinin mütəxəssisi ilə müsahibə
“Bir donorun verdiyi qan bir neçə həyatı xilas edə bilər”.
Bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova müsahibəsində bildirib.
Musavat.com müsahibəni təqdim edir:
– 14 iyun – Ümumdünya Qan Donoru Günü dünyada könüllü və təmənnasız qan donorlarının cəmiyyət qarşısındakı əvəzsiz xidmətlərini qiymətləndirmək, qan donorluğunun əhəmiyyəti barədə ictimai məlumatlılığı artırmaq və daha çox insanı donor olmağa təşviq etmək məqsədilə təsis edilib. Bu günün qeyd olunması həm də səhiyyə sistemlərinin təhlükəsiz və yetərli qan ehtiyatları ilə təmin edilməsinin vacibliyinə diqqət çəkməyə xidmət edir.
Ümumdünya Qan Donoru Günü insanların diqqətini bir daha ona yönəldir ki, hər gün minlərlə xəstənin həyatı donorların verdiyi qan hesabına xilas edilir. Bu səbəbdən cəmiyyətin davamlı və təhlükəsiz qan ehtiyatlarına malik olması üçün könüllü donorların sayı daim artırılmalıdır.
Qan donorlarının fədakarlığı xüsusi hörmətə layiqdir. Donorlar heç bir qarşılıq gözləmədən, tanımadıqları insanların sağlamlığı və həyatı naminə qan verirlər. Onların bu humanist addımı bəzən ağır vəziyyətdə olan bir xəstənin həyatını xilas edir, bir ailəyə ümid bəxş edir və bir insanın yenidən sağlam həyata qayıtmasına kömək edir. Donorun verdiyi bir vahid qan müxtəlif komponentlərə ayrılaraq bir neçə xəstənin müalicəsində istifadə oluna bildiyi üçün onların töhfəsi daha da dəyərli hesab olunur.
Xüsusilə müntəzəm donorlar cəmiyyət üçün böyük nümunədirlər. Onlar qan ehtiyatlarının davamlı şəkildə formalaşmasına kömək edir, səhiyyə sisteminin dayanıqlığını gücləndirir və fövqəladə hallarda insanların həyatının xilas edilməsində mühüm rol oynayırlar. Bu insanlar insanpərvərlik, sosial məsuliyyət və həmrəylik dəyərlərinin canlı təcəssümüdür.
14 iyun təkcə donorların əməyinə təşəkkür günü deyil, həm də hər bir sağlam insan üçün qan donorluğunun əhəmiyyətini yenidən xatırladan xüsusi bir gündür. Çünki bir insanın ayırdığı cəmi bir neçə dəqiqə başqa bir insan üçün yeni bir həyat şansı deməkdir.
– Qan donorluğu nədir və cəmiyyət üçün hansı həyati əhəmiyyətə malikdir?
– Qan donorluğu sağlam insanın ehtiyacı olan xəstələrin müalicəsi məqsədilə könüllü şəkildə qan verməsidir. Müasir tibbin sürətli inkişafına baxmayaraq, insan qanını tam əvəz edə biləcək süni vasitə hələ də tapılmayıb. Buna görə də resipiyentlərin ehtiyac duyduğu qan yalnız sağlam donorlar tərəfindən təmin edilə bilər.
Donor qanı ağır cərrahiyyə əməliyyatları, yol-nəqliyyat hadisələri və doğuş zamanı yaranan kəskin qanaxmaların aradan qaldırılmasında, həmçinin talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində həyati rol oynayır. Qan donorluğu sadəcə tibbi prosedur deyil, bütövlükdə cəmiyyətin sağlamlığını və təhlükəsizliyini təmin edən mühüm humanitar fəaliyyətdir.
– Kimlər qan donoru ola bilərlər?
– Qan donoru olmaq üçün insanın sağlam olması və müəyyən tibbi tələblərə cavab verməsi vacibdir. Ümumilikdə, 18–65 yaş arası, sağlamlıq vəziyyəti qənaətbəxş olan şəxslər qan donoru ola bilərlər. Donorun bədən çəkisi adətən ən azı 50 kiloqram olmalıdır.
Qan vermək istəyən hər bir şəxs əvvəlcə tibbi müayinədən keçirilir. Bu zaman onun qan təzyiqi, nəbzi, bədən hərarəti, qanda hemoqlobin səviyyəsi və ümumi sağlamlıq vəziyyəti yoxlanılır. Müayinə nəticələri normal olduqda, həmin şəxsin donorluğuna icazə verilir.
Bəzi hallarda insanlar müvəqqəti və ya daimi olaraq donor ola bilmirlər: qrip, soyuqdəymə, yoluxucu xəstəliklər, hamiləlik, yeni doğuş, ciddi ürək-damar xəstəlikləri, bəzi qan xəstəlikləri, ağır qaraciyər və böyrək çatışmazlığı. Alkoqol qəbul etmiş və ya müəyyən tibbi prosedurlar keçirmiş şəxslər üçün də müvəqqəti məhdudiyyətlər tətbiq olunur.
Donor öz sağlamlığı haqqında düzgün məlumat verməli və tibbi personalın bütün suallarını səmimi şəkildə cavablandırmalıdır. Bu, həm donorun, həm də resipiyentin təhlükəsizliyi üçün çox vacibdir.
– Donor və resipiyentlərin təhlükəsizliyi necə qorunur?

– Bir donor tərəfindən bağışlanan qan vasitəsilə bir neçə insanın həyatını xilas etmək mümkündür. Donor qanı üç müxtəlif komponentə ayrılır:
Eritrosit kütləsi – qan itkisi, cərrahiyyə əməliyyatları, qəzalar, talassemiya, anemiyalar;
Trombositlər – leykemiya, kimyaterapiya, sümük iliyi xəstəlikləri, qanaxmalar;
Plazma – yanıqlar, qaraciyər xəstəlikləri, hemofiliya, şok vəziyyətləri.
Talassemiya, hemofiliya, leykemiya kimi ağır xəstəliklərdən əziyyət çəkən insanlar mütəmadi olaraq qan və qan komponentlərinə ehtiyac duyur. Yol-nəqliyyat qəzaları, təbii fəlakətlər və doğuş zamanı yaranan ağır qanaxmalarda donor qanı həyat xilas edən ən vacib tibbi vasitələrdəndir.
– Müntəzəm qan donorluğu səhiyyə sisteminin davamlı fəaliyyəti baxımından nə üçün mühüm rol oynayır?
– Müntəzəm qan donorluğu səhiyyə sisteminin davamlı və səmərəli fəaliyyəti üçün böyük əhəmiyyət daşıyır. Qan komponentlərinin saxlanma müddəti məhduddur: eritrositlər 35–42 gün, trombositlər isə cəmi 5 gün müddətində saxlanıla bilir. Buna görə də qan ehtiyatlarının daim yenilənməsi vacibdir.
Müntəzəm donorluq qan komponentlərinin defisitinin qarşısını alır, fövqəladə hallara hazırlığı artırır, xroniki xəstələrin müalicəsini dəstəkləyir və hər gün yüzlərlə insanın həyatının xilas edilməsinə şərait yaradır.

