“1992-ci ildə verilən suallar və alınan cavablar bu gün də eyni gücdə qalır” – VİDEO

Birinci Qarabağ müharibəsinin simalarından biri, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şəxsiyyətinə və xatirəsinə qarşı yönələn təhqirlər son günlər ictimai müzakirələrin mərkəzinə çevrilib. Onun ruhunu təhqir etməyə cəhd göstərənlərin tapılması, nə qədər inanılmaz görünsə də, sosial şəbəkə mühitində müşahidə olunan təhlükəli tendensiyanın göstəricisidir. Şəhidin adını müdafiə etmək istəyənlərin isə linç və təzyiq qorxusu, eləcə də aqressiv hücumların hədəfinə çevrilmək ehtimalı səbəbindən susmağa üstünlük verməsi vəziyyətin daha da ciddiləşdiyini göstərir.

Musavat.com xəbər verir ki, bu barədə tanınmış jurnalist Mir Şahin Ağayev “Mir Şahinin vaxtı” proqramında bildirib.

“Bəzi dairələr hesab edirlər ki, zaman keçdikcə yaddaş zəifləyir və 34 ildən artıqdır Azərbaycan uğrunda canından keçmiş Aqarunovun xatirəsi də unudula bilər. Lakin bu yanaşma reallığı əks etdirmir. Əksinə, onun haqqında həqiqəti bilən və xatirəsini yaşadan insanların mövcudluğu göstərir ki, bu yaddaş hələ də canlıdır. Amma məsələ təkcə fərdi xatirə ilə məhdudlaşmamalıdır – bu, ümummilli məsuliyyət məsələsidir.

Albert Aqarunov yalnız onu tanıyanların yaddaşında qalan bir ad kimi yox, bütün Azərbaycan cəmiyyətinin qoruyub saxlamalı olduğu tarixi sima kimi dəyərləndirilməlidir. O, bu torpaq və bu xalq uğrunda şəhid olub, Azərbaycanın Milli Qəhrəmanı statusunu qazanıb. Buna görə də onun adına yönələn istənilən təhrif və ya qarayaxma cəhdlərinə qarşı ictimai müqavimət zəruridir.

Mənəvi baxımdan qəbuledilməz iddialar, sosial şəbəkələrdə yayılmış zəhərli yalanlar və tarixi faktların təhrif olunması qarşısında susqun qalmaq düzgün deyil. İnternet məkanında müqəddəs dəyərlərə qarşı yönələn bu cür hücumların cavabsız qalması informasiya boşluğu yaradır və həmin boşluğu təhrifedici narrativlər doldurur. Bu baxımdan məsuliyyət təkcə ayrı-ayrı şəxslərin deyil, ictimai vicdanın üzərinə düşür.

Bu mövzuda aparılan müsahibə və xatirələr bir daha göstərir ki, Aqarunovun döyüş yolu və vətənə sədaqəti canlı tarixdir. 1992-ci ildə verilən suallar və alınan cavablar bu gün də eyni gücdə qalır və onun seçimlərinin mahiyyətini dəyişmir. O, Azərbaycan torpağında doğulub, burada yaşayıb və öz vətəndaşlıq borcunu bu torpağın müdafiəsində görüb. Onun “müharibənin sonuna qədər buradayam” məzmunlu mövqeyi və döyüş meydanında göstərdiyi fədakarlıq bu gün də yaddaşlarda qalır. Vurulan erməni tankının hazırda Hərbi Qənimətlər Parkında nümayiş etdirilməsi isə həmin tarixi gerçəkliyin simvolik sübutudur. Unudulmaması gərəkən əsas məqam ondan ibarətdir ki, yaddaşın zəiflədiyi yerlərə dezinformasiya və təxribat daxil olur. Bu səbəbdən tarixə sahib çıxmaq təkcə keçmişə hörmət deyil, həm də gələcək təhlükələrə qarşı ideoloji sipərdir. Albert Aqarunovun adı da məhz bu yaddaşın qorunmasının simvollarından biridir”, – Mir Şahin Ağayev qeyd edib.