Azərbaycanda çay istehsalı azalır, göstəricilər hədəflərlə uzlaşmır

2026-cı ilin yanvar-may aylarında ölkədən 349,03 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz çoxdur. Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən çayın dəyəri 16,8 faiz artaraq 3 milyon 14,6 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında isə Azərbaycandan 2 milyon 581,54 min dollar dəyərində yəni 288,27 ton çay ixrac edilib. Ekspertlərə görə, Azərbaycanda yerli istehsalı ödəyəcək qədər çay kolu yoxdur. Çay kolları əsasən cənub bölgəsində- Astara, Lənkəran zonasındadır. Kolların əkilib ərsəyə gəlməsi üçün 5-6 il lazımdır. Lakin Azərbaycanda belə uzunmüddətli investisiya edən çox azdır. Əgər fermer bir kolu əkib 6 il gözləsə, dolana bilməyəcək. Bu iş üçün böyük bir investisiya dəstəyi, faizsiz kreditlər lazımdır.

Çinin çay istehsalı bu il 2,8 milyon tona çatacaq - AZƏRTAC

2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda 2027-ci ilədək çay plantasiyalarının 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulurdu.

Lakin bu ilin fevral ayında Hesablama Palatasının 2025-ci il üzrə “Dövlət auditi” jurnalının 3-cü buraxılışında dərc edilmiş təhlildə bildirilib ki, Azərbaycanda 2018–2027-ci illəri əhatə edən çayçılığın inkişafına dair Dövlət Proqramı üzrə müəyyən edilmiş hədəflər faktiki göstəricilərlə uzlaşmır.

Qeyd olunub ki, Dövlət Proqramına əsasən, çay plantasiyalarının sahəsinin 2027-ci ilə qədər 3 000 hektara, çay yarpağı istehsalının isə 8,5 min tona çatdırılması nəzərdə tutulsa da, faktiki dinamika müəyyən edilmiş hədəflərdən ciddi şəkildə geri qalır. Belə ki, 2019-cu ildə çay plantasiyalarının sahəsi olmuş 1 100 hektar göstəricisi 2024-cü ildə 900 hektara qədər azalıb. 2026-cı il üçün isə cəmi 975 hektar sahənin hədəflənməsi nəzərdə tutulur ki, bu da əvvəlki illərin səviyyəsindən aşağı qalmaqla proqram üzrə müəyyən edilmiş məqsədlərə uyğun gəlmir.

Bildirilib ki, bu, Dövlət Proqramında nəzərdə tutulmuş 3000 hektarlıq hədəfdən təxminən 3 dəfə azdır. Məhsul istehsalı üzrə göstəricilər də hədəflərlə uyğun gəlmir. Təhlilə əsasən, 2026-cı il üçün çay yarpağı istehsalının 1 126 tona çatdırılması planlaşdırılır ki, bu da proqramda müəyyən edilmiş 8 500 tonluq hədəfdən dəfələrlə aşağıdır.

Təhlildə qeyd olunub ki, bəzi hallarda Dövlət Proqramının icrası ilə bağlı vəsait planlaşdırılması ilə nəticə göstəriciləri arasında da əlaqə zəifdir. Məsələn, proqram sənədində çay plantasiyalarının genişləndirilməsi nəzərdə tutulsa da, büdcə planlaşdırmasında bu istiqamət üzrə adekvat artım əks olunmur.

O da qeyd edilib ki, mövcud dinamika davam edərsə, 2027-ci il üçün müəyyən edilmiş hədəflərə çatmaq real görünmür. Palata bu sahədə prioritetlərin yenidən qiymətləndirilməsinin və nəticə əsaslı planlaşdırmanın gücləndirilməsinin vacibliyini vurğulayıb.(report)

Natiq Cəfərli — Vikipediya

Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, Azərbaycanda yerli çay istehsalı qablaşdırmadan ibarətdir. Onun sözlərinə görə, xaricdən alınan çay ölkəmizdə qablaşdırılır: “İllərdir bu barədə danışırıq ki, Azərbaycanda yerli istehsalı ödəyəcək sayda çay kolu yoxdur. Çay kolları uzun illər ərzində əmələ gəldiyi üçün ciddi maliyyə tələb edir, böyük həcmdə investisiya qoymaq lazımdır. Yerli fermerlərin belə imkanları yoxdur ki, külli miqdarda vəsaitlə sərmayə etsin, illərlə gözləsin. Kredit götürsə, 5-6 ilə banka götürdüyü vəsaitin ikiqatını qaytarmalıdır. Yəni çayçılıq bahalı sahədir, ciddi dəstək proqramının olmasına ehtiyac var”, – deyə ekspert qeyd edib.