Xəzər dənizi sahilində inşa edilən Sea Breeze layihəsinin rəhbəri, iş adamı və müğənni Emin Ağalarov növbəti dəfə şəhərcikdə aparılan tikinti və abadlıq işlərini yerində yoxlayıb.
Musavat.com xəbər verir ki, Emin Ağalarov sosial şəbəkə hesabında paylaşdığı yeni videoda Sea Breeze ərazisindəki villaların tikinti və təchizat vəziyyətini nəzərdən keçirir. Kadrlardan görünür ki, o, bir sıra obyektlərdə aşkar etdiyi nöqsanlarla bağlı əməkdaşlarına iradlarını bildirir və qüsurların aradan qaldırılmasını tələb edir.
Videoda Ağalarov əvvəlcə villanın daxilində yerləşdirilmiş mebel və yemək masasının düzgün qurulmadığını qeyd edir. Daha sonra isə tikilinin xarici hissəsində aparılan bəzi işlərin keyfiyyətindən narazı qaldığını bildirərək, xüsusilə izolyasiya və tamamlanma işlərində yol verilən çatışmazlıqlara diqqət çəkir.
Layihə rəhbəri əməkdaşlarına tikintinin hər detalına daha məsuliyyətlə yanaşmağın vacibliyini xatırladıb və bütün qüsurların qısa müddətdə aradan qaldırılmasını istəyib.
Sea Breeze son illərdə Xəzər sahilində həyata keçirilən ən iri yaşayış və istirahət layihələrindən biri hesab olunur. Ərazidə çoxsaylı villalar, yaşayış binaları, hotellər, restoranlar və müxtəlif istirahət obyektləri inşa edilir. Layihənin sürətlə genişlənməsi ilə yanaşı, sosial şəbəkələrdə və əmlak bazarında ona maraq da artmaqdadır.
Eyni zamanda, müxtəlif dövrlərdə bəzi alıcılar və sakinlər tərəfindən tikinti keyfiyyəti, təhvil verilən obyektlərdə müşahidə olunan qüsurlar və infrastruktur məsələləri ilə bağlı şikayətlər də səsləndirilib. Emin Ağalarovun paylaşdığı son görüntülər isə layihə rəhbərliyinin bu məsələlərə nəzarəti gücləndirməyə çalışdığını göstərir.
Qeyd edək ki, Emin Ağalarov sosial şəbəkələrdə ən fəal biznesmenlərdən biri sayılır. O, Sea Breeze-də aparılan işlər, yeni layihələr və tikinti prosesləri ilə bağlı mütəmadi olaraq video və foto paylaşımlar edir. Son paylaşım da qısa müddətdə minlərlə baxış toplayaraq istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.
Həmin videonu təqdim edirik:
