Qrantlar artır, məhdudiyyətlər aradan qalxır: QHT sektorunda yeni qaydalar

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına (QHT) qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesinin “bir pəncərə” prinsipi əsasında təşkili Qaydası”nı təsdiq edib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, qərarın məqsədi QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid yanaşmanın formalaşdırılması, şəffaflığın və hesabatlılığın artırılması, həmçinin maliyyələşdirmə proseslərinin əlaqələndirilmiş və elektron qaydada həyata keçirilməsinin təmin edilməsidir. Qərarla həmçinin QHT-lərin kiçik qrant, böyük qrant və səfər qrantı müsabiqələri, dövlət sifarişləri və müsabiqədənkənar maliyyələşdirilməsi üzrə prosedurlar, layihələrin qiymətləndirilməsi meyarları, maliyyələşdirmə şərtləri və nəzarət mexanizmləri müəyyən edilib.

Ekspertlərə görə, kiçik qrantların məbləğinin 30 min manata qədər artırılması, eyni zamanda böyük qrantlar üzrə yuxarı həddin aradan qaldırılması QHT-lər üçün daha geniş fəaliyyət imkanları yaradır. Vahid məlumat bazasının yaradılması isə şəffaflıq, hesabatlılıq və sistemlilik baxımından müsbət nümunə kimi qiymətləndirilməlidir.

Əliməmməd Nuriyev seçkiyə qatılır  - Dairəsini seçdi

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Musavat.com-a açıqlamasında bildirib ki, Maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən qeyri-hökumət təşkilatlarına qrant, subsidiya və digər maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur. Böyük qrantlar üzrə aşağı hədd müəyyənləşdirilir, yuxarı hədd isə müəyyən edilmir: 

“Şübhəsiz ki, bunlar mühüm yeniliklərdir. Lakin mən düşünürəm ki, bu qərarın əsas mahiyyəti yalnız qrant məbləğlərində axtarılmamalıdır. Bu qərar ilk növbədə dövlətin vətəndaş cəmiyyəti siyasətinin idarə olunması, maliyyələşdirmə mexanizmlərinin əlaqələndirilməsi və dövlət büdcəsindən ayrılan vəsaitlərin daha səmərəli istifadəsi, eləcə də nəticələrin daha dolğun qiymətləndirilməsi ilə bağlıdır. Başqa sözlə desək, bu, yeni idarəçilik modelinə keçidlə bağlıdır. Bu vəsaitlərin necə idarə olunması da yanaşmanın dəyişməsi ilə əlaqədardır. Uzun illərdir vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, dövlət-QHT münasibətləri və ictimai iştirakçılıq məsələləri ilə məşğul olan bir şəxs kimi düşünürəm ki, qərarın ən böyük üstünlüyü məhz burada axtarılmalıdır. Uzun illər ərzində müxtəlif dövlət qurumları qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində QHT-lərlə əməkdaşlıq edib, qrantlar ayırıb, dövlət sifarişləri verib və müxtəlif layihələri maliyyələşdiriblər. Yəni hər kəs bu maliyyələşdirməni sərbəst şəkildə həyata keçirib. Əlbəttə, bu təcrübə müəyyən qədər özünü doğruldub, lakin zaman keçdikcə bir çox suallar meydana çıxmağa başlayıb. Dövlət büdcəsindən qeyri-hökumət sektoruna ümumilikdə nə qədər vəsait ayrılır? Çünki bəzən biz yalnız QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ayırdığı vəsaitdən danışırıq və bu da artıq 15 milyon manat məbləğindədir. Amma digər qurumlar tərəfindən də xeyli vəsait ayrılır. Ona görə də ümumi məbləğ tam məlum olmur. QHT sektoru dövlət büdcəsindən ümumilikdə nə qədər vəsait alır? İkinci məsələ, bu vəsait hansı istiqamətlər üzrə bölüşdürülür? Burada müəyyən pərakəndəlik mövcuddur. Hansı sahələr daha çox maliyyələşdirilir? Hansı sahələr diqqətdən kənarda qalır? Bəzi sahələr kifayət qədər maliyyələşdirilir. Amma elə diqqət tələb edən, problemli istiqamətlər də var ki, onlar daha az dəstək alırlar. Ona görə də bir çox istiqamətlər diqqətdən kənarda qalır. Digər bir sual isə budur: eyni mövzu üzrə təkrarlanan layihələr varmı? Çünki biz görürdük ki, müxtəlif dövlət qurumları tərəfindən qrantların verilməsi zamanı bəzən eyni layihələr müxtəlif qurumlar tərəfindən maliyyələşdirilirdi. Bu isə, əlbəttə ki, düzgün hesab edilə bilməz”.

Onun sözlərinə görə, hətta bəzi hallarda layihələrdə plagiat halları da müşahidə olunurdu:

“Digər bir məsələ isə layihələrin yaratdığı ictimai təsirin necə qiymətləndirilməsi ilə bağlıdır. Çünki hər qurumun öz ölçü meyarı var idi. Hər qurumun öz forması var idi. Hər qurum qrant elanlarını, hesabat və monitorinq mexanizmlərini fərqli qaydada həyata keçirirdi. Əslində, bütün bu suallar nəyə xidmət edir? Bunlar dövlət maliyyəsinin idarə olunması baxımından vacib məsələlərdir. Son illərdə dövlət idarəçiliyində rəqəmsallaşma, nəticəyönümlü idarəetmə və ayrılan vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi istiqamətində aparılan islahatlar göstərir ki, artıq məsələ yalnız vəsaitin ayrılması deyil. Əsas məsələ həmin vəsaitin hansı nəticəni yaratmasıdır. Bu baxımdan koordinasiya mexanizminin yaradılması təsadüfi qərar deyil. Mən bunu əlavə nəzarət vasitəsi kimi qiymətləndirmirəm. Əksinə, dövlət büdcəsindən ayrılan vəsaitlərin daha səmərəli planlaşdırılması, təkrarlanmanın qarşısının alınması, prioritetlərin daha düzgün müəyyənləşdirilməsi və nəticələrin daha obyektiv qiymətləndirilməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirirəm”.

Ə. Nuriyev bildirir ki, qrant məbləğlərinin artırılması dövlətin vətəndaş cəmiyyətindən gözləntilərinin yüksəlməsi kimi də qiymətləndirilə bilər. Başqa sözlə, burada söhbət sadəcə daha çox vəsait ayrılmasından deyil, daha ciddi nəticələrin tələb olunmasından gedir: “Dövlət artıq yalnız kiçikmiqyaslı layihələrin deyil, daha geniş proqramların, kompleks təşəbbüslərin, sosial xidmət layihələrinin, rəqəmsal həllərin və uzunmüddətli fəaliyyətlərin həyata keçirilməsində də QHT-ləri tərəfdaş kimi görmək istəyir. Bəzən maliyyə o qədər məhdud olur ki, layihə öz potensialını tam şəkildə ortaya qoya bilmir. Bu yanaşma QHT-lərin institusional inkişafını təşviq edən mexanizm kimi də qiymətləndirilə bilər”.
QHT-lər də vergi güzəştindən yararlana bilərlərOnun sözlərinə görə, yeni imkanlar QHT-ləri daha məsuliyyətli olmağa sövq edəcək:

“Kiçik layihələrdə müəyyən çatışmazlıqlar bəzən ciddi problem yaratmır. Lakin böyük qrantlar, böyük layihələr maliyyənin idarə olunması, nəticələrin ölçülməsi, hesabatlılıq və digər məsələlər baxımından daha yüksək peşəkarlıq tələb edir. Mən düşünürəm ki, bu gün əsas müzakirə olunan məsələlərdən biri də məhz budur. Bəs QHT sektoru bu böyük qrantlara hazırdırmı? Uzun illər ərzində QHT sektorunun maliyyə imkanlarının məhdud olması barədə çox danışmışıq. Lakin təcrübə göstərir ki, vətəndaş cəmiyyətinin inkişafı təkcə maliyyə məsələsi deyil. Bəzi hallarda kifayət qədər maliyyə vəsaiti ayrılmış layihələr gözlənilən nəticələri verməyib. Biz bunu müxtəlif qurumların təcrübəsində görmüşük. Əksinə, daha məhdud imkanlarla həyata keçirilən təşəbbüslər bir çox hallarda ciddi ictimai təsir yarada bilib. Ən azı müşahidələr bunu göstərir. Bu gün Azərbaycan QHT sektorunun qarşısında duran əsas sual artıq təkcə maliyyəni necə əldə etmək məsələsi deyil. Əsas sual budur: hansı ictimai problemi həll edirik və bunun nəticəsini necə ölçəcəyik?

Düşünürəm ki, maliyyələşdirmə məntiqi fəaliyyətyönümlü yanaşmadan nəticəyönümlü yanaşmaya keçməlidir. Bu gün artıq dövlət qurumları da, ictimai sektor da, özəl sektor da nəticəyönümlü fəaliyyət tələb edir. Dövlət qurumları da bu yanaşmaya keçmək niyyətindədir. Hətta Azərbaycan dövlət büdcəsində də nəticəyönümlü büdcələşdirmə prinsiplərinin tətbiqinə başlanılıb. Əgər büdcədən vəsait ayrılırsa, onun hansı nəticəyə xidmət etdiyi də aydın olmalıdır.Son illərdə həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutları ilə işləyən bir şəxs kimi müşahidə etmişəm ki, dövlət qurumlarının QHT-lərə münasibətində də müəyyən dəyişikliklər baş verir. Əvvəllər daha çox fəaliyyətlərin həyata keçirilməsi əsas götürülürdü. İndi isə həmin fəaliyyətlərin yaratdığı nəticə və ictimai fayda daha çox maraq doğurur. Əvvəllər qeyri-hökumət təşkilatları daha çox dövlət qurumlarının tədbirlərinin keçirilməsində iştirak edən tərəf kimi qəbul olunurdu. Bu iştirak da əksər hallarda passiv xarakter daşıyırdı. Bu gün isə dövlət qurumları artıq başa düşür ki, onlara passiv iştirakçı deyil, fəal tərəfdaş lazımdır”.