Turizmdə yeni dövr: uğur artıq turist sayı ilə ölçülmür…

“Bu gün turizmdə uğur artıq yalnız ölkəyə gələn turistlərin sayı ilə ölçülmür. Hazırda turizm sahəsində uğurun qiymətləndirilməsi meyarları dəyişir”.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas məqsədi isə zəngin təbii və mədəni irsi yalnız təqdim etmək deyil, həm də onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir.

Sədr qeyd edib ki, Dövlət Turizm Agentliyi tərəfindən dayanıqlı turizmin inkişafı istiqamətində mühüm addımlar atılır:

“Bu çərçivədə təbiət əsaslı turizm marşrutlarının inkişafı, həmçinin ekoturizm və aqroturizm istiqamətlərinin genişləndirilməsi prioritetlər sırasındadır. Qlobal iqlim dəyişiklikləri fonunda turizm sektorunun gələcəyi sağlam ətraf mühitin qorunmasından, təbii sərvətlərdən səmərəli istifadədən və dayanıqlı inkişaf prinsiplərinin tətbiqindən asılıdır”. (report)

WhatsApp Image 2026-06-23 at 15.46.03.jpeg (195 KB)

Turizm sahəsi üzrə ekspert Kənan Hənifəyev Musavat.com-a şərhində bildirib ki, Fuad Nağıyevin çıxışındakı məqamlar daha çox iştirak etdiyi tədbirin konseptinə uyğundur:

“Qeyri-neft sektoru olan turizmin inkişafı və kütləviliyi turizm iqtisadiyyatı, həmçinin beynəlxalq müstəvidə ölkə indeksinin yüksəlməsi üçün vacibdir. Turizmdə uğur statistika ilə ölçülməsə də, uğurun əldə edilməsi rəqəmlər və nəticələrdən asılıdır. Bu ilin əvvəlində Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bildirib ki, turist sayını iki dəfə artırmaq, onu 5-6 milyona çatdırmaq tamamilə real görünür. Bu, birbaşa turizm sənayesinə, turizm təşkilatlarına, nəqliyyat və aviasiyanın bu istiqamətdə səmərəli və nəticəyönümlü çalışmasına çağırışdır. Əlbəttə, turizm sahəsinin siyasi və coğrafi məsələlərə görə asılı olan məqamları olsa da, sahənin inkişafı üçün verilən tapşırıqlar yerinə yetirilməlidir. Turizm meyarlarının dəyişilməsi normal proses olsa da, görüləcək iş çoxdur”.