“Yaxın vaxtlarda pomidorun qiymətində ciddi artım müşahidə oluna bilər”.
Bu barədə Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov bildirib.
Onun sözlərinə görə, hazırda bazarda satılan pomidorların böyük hissəsi istixanalarda yetişdirilən məhsullardır. Fermer qeyd edib ki, yaxın günlərdə açıq sahələrdə yetişən pomidorlar satışa çıxarılacaq və onların qiyməti daha yüksək olacaq: “Bu il pomidorun məhsuldarlığında ciddi azalma müşahidə edilir. Əgər ötən il bir koldan 120-170 ədəd pomidor yığılırdısa, hazırda bu göstərici 25-30 ədəd arasında dəyişir. Məhsulun azlığı qiymətlərə birbaşa təsir göstərəcək və pomidor bahalaşacaq”.
Anar Abbasovun sözlərinə görə, hazırda alıcılar vəziyyətin ciddiliyini tam hiss etmirlər:
“İnsanlar hələlik bunun fərqində deyil, çünki qiymətlər nisbətən aşağıdır. Biz hər gün sahələrdə müşahidələr aparırıq və vəziyyəti yaxından izləyirik. Açıq sahələrdə yetişən pomidorlar bazara çıxarıldıqdan sonra alıcılar qiymət fərqini aydın şəkildə hiss edəcəklər”.

Lakin kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, bu açıqlama əsaslandırılmayıb. Musavat.com-a açıqlamasında o bildirdi ki, ayrı-ayrı şəxslər ölkədə hansı həcmdə pomidor istehsal olunduğunu bilə bilməz: “Bu məlumatı Dövlət Statistika Komitəsi müvafiq orqanlardan əldə etdiyi məlumatlar əsasında dövrlər üzrə hesabatlar şəklində təqdim edir. Ancaq hazırda Azərbaycandan Rusiyaya göndərilən pomidorun satış imkanları zəifdir. Rusiyaya Azərbaycandan böyük həcmdə pomidor çıxarılır.
Amma şimal ölkəsində pomidor satışı ilə məşğul olan soydaşlarımız ziyana işləyirlər. Ukrayna kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan böyük bir bazarı dronlarla vurub. Nəticədə orada pərakəndəlik yaranıb. Həmçinin, artıq Rusiyanın özünün istehsal etdiyi məhsul da bazara çıxarılıb ki, daha ucuz qiymətə təklif edilir. Buna görə də Azərbaycandan göndərilən pomidorun satış imkanları bir qədər daralıb. Belə vəziyyətdə yerli sahibkarlar satış üçün nəzərdə tutulan pomidoru daxili bazara yönəltməli olacaqlar.
Yəqin Rusiyada mövcud olan bu siqnal artıq yerli sahibkarlara da çatıb. Ona görə də bu sahədə ajiotaj yaratmağa ehtiyac yoxdur. Əksinə, mövcud vəziyyətdə yaxın zamanlarda daxili bazarda pomidorun qiymətində enməni müşahidə edəcəyik. Belə ajiotaj yaradanlar olmasa, bazarda qiymət dəyişikliyi stabil diapazonda baş verəcək”.
Qeyd edək ki, bu ilin may ayında Azərbaycanda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri aprel ayına nisbətən 0,1 % azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,6 % artıb. Dövlət Statistika Komitəsinin iyunun əvvəlinə olan məlumatına görə, ay ərzində ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, kəsmik, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, göy lobya, süfrə çuğunduru, soğan, qazlı və qazsız sular bahalaşıb, təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartof ucuzlaşıb, digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
