Övladınızın yazışmalarını oxumaq sizə baha başa gələ bilər

Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi dövrdə valideynlərin övladlarının telefonuna nəzarət etməsi tez-tez müzakirə olunan məsələlərdəndir. Bəs ailələr uşaqların telefonunda olan məlumatları yoxlaya bilərmi? Bu nəzarət onların təhlükəsizliyinin təmin olunması üçün zəruri addımdır, yoxsa şəxsi həyata müdaxilə hesab olunur? Mövcud qanunvericilik bu məsələyə necə yanaşır?

Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda valideynlərin azyaşlı övladlarının telefon istifadəsinə müəyyən nəzarət imkanları mövcuddur:

“Lakin bu məsələ uşağın yaşı, hüquqi statusu və şəxsi həyat hüququnun həcmi nəzərə alınmaqla qiymətləndirilməlidir.

Azərbaycan Konstitusiyası hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququnu tanıyır. Bu hüquq uşaqlara da şamil edilir. Uşağın yazışmaları, telefon danışıqları və şəxsi məlumatları ümumi qayda olaraq qorunur. Lakin azyaşlı şəxslərin hüquqları onların yaşına və inkişaf səviyyəsinə uyğun həyata keçirilir. Buna görə də uşaqların şəxsi həyat hüququ böyüklərin malik olduğu səviyyədə mütləq xarakter daşımır.

Ailə qanunvericiliyinə əsasən valideynlər uşaqların tərbiyəsi, təhlükəsizliyi, sağlamlığı və inkişafı üçün məsuliyyət daşıyırlar. Bu məsuliyyət onlara müəyyən nəzarət səlahiyyəti verir. Bu baxımdan azyaşlı uşağın telefon istifadəsinin izlənilməsi, internet fəaliyyətinə nəzarət, təhlükəli əlaqələrin və ya zərərli məzmunun qarşısının alınması məqsədilə yoxlamalar qanuni valideyn nəzarəti kimi qiymətləndirilə bilər. Valideyn nəzarəti ilə şəxsi həyata müdaxilə arasında sərhəd mövcuddur”.

O bildirib ki, bəzi hallar hüquqi baxımdan daha problemli görünə bilər:

“Əgər valideyinlər yetkinlik yaşına yaxınlaşmış yeniyetmənin bütün yazışmalarının sistemli və daimi izləyərlərsə, uşağın razılığı olmadan şəxsi məlumatlarının üçüncü şəxslərə açıqlayarlarsa, nəzarətin təhlükəsizlik məqsədindən çıxaraq təzyiq və ya psixoloji nəzarət vasitəsinə çevrərlərsə, uşağın ləyaqətini və fərdi inkişafını pozan müdaxilələr edərlərsə, belə hallarda uşağın şəxsi həyat hüququnun pozulması ilə bağlı mübahisə yarana bilər.

Əgər şəxs 18 yaşına çatmışdırsa, onun telefonuna, yazışmalarına və şəxsi məlumatlarına valideyn tərəfindən icazəsiz müdaxilə yolverilməzdir.

Bu halda telefonun məcburi yoxlanılması, hesabların izlənilməsi, yazışmaların oxunması şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilə bilər və konkret şəraitdən asılı olaraq mülki, inzibati və ya hətta cinayət-hüquqi nəticələr doğura bilər”, – deyə hüquqşünas qeyd edib.