İyunun 25-26-da Ukraynanın bərpası konfransı (URC-2026) keçiriləcək.
Musavat.com xəbər verir ki, konfrans Polşanın Qdansk şəhərində baş tutacaq.
URC-2026 çərçivəsində Ukrayna nümayəndə heyətinə baş nazir Yuliya Sviridenko rəhbərlik edəcək. O bildirib ki, konfrans zamanı Ukraynanın enerji sektorunun gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra mühüm sazişlərin imzalanması gözlənilir.
Builki konfransda ilk dəfə olaraq təhlükəsizlik və müdafiə istiqaməti ayrıca tematik platforma kimi gündəliyə daxil edilib. Təşkilatçılar Ukraynanın müdafiə potensialının gücləndirilməsini ölkənin uzunmüddətli bərpasının əsas şərtlərindən biri hesab edirlər.
Ukrayna prezidenti Volodimir Zelenski Qdansk şəhərində keçiriləcək konfransda iştirakdan imtina edib. Bu qərar onun Polşanın ən yüksək dövlət təltifi olan “Ağ Qartal” ordenindən məhrum edilməsi ilə bağlı yaranmış qalmaqal fonunda qəbul olunub.
Maraqlıdır ki, konfransda Polşa tərəfini də Prezident Karol Navrotski deyil, Baş nazir Donald Tusk təmsil edəcək.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib ki, Kiyev və Varşava arasında Ukrayna Üsyançı Ordusunun (UPA) xadimlərinin qəhrəmanlaşdırılması məsələsi ətrafında yaranmış fikir ayrılıqları səbəbindən konfransda Volodimir Zelenskinin əvəzinə ölkənin Baş naziri Yuliya Sviridenko iştirak edəcək. Onun sözlərinə görə, bu addım tədbirin həddindən artıq siyasiləşdirilməsinin və yeni qalmaqalların qarşısını almaq məqsədi daşıyır.
Xatırladaq ki, ötən cümə günü Polşa Prezidenti Karol Navrotski UPA ilə bağlı qərarlara etiraz olaraq Zelenskini ölkənin ən yüksək mükafatı sayılan “Ağ Qartal” ordenindən məhrum edib. Bundan sonra bir sıra ukraynalı siyasətçilər də Polşa dövlət mükafatlarından imtina etdiklərini açıqlayıblar.
Mübahisə isə may ayının sonları yaranıb. Həmin vaxt Zelenski Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “Ukrayna Üsyançı Ordusunun qəhrəmanları” adını vermişdi. Bu qərar Polşada kəskin narazılıq və sərt reaksiyalara səbəb olmuşdu.
Azərbaycan Xarici İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Azərbaycanı builki konfransda xarici işlər naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, ötənilki konfrans İtaliyanın paytaxtı Romada keçirilib. Azərbaycanı konfransda xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Bildirilib ki, Azərbaycan Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biridir.
“Bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla, humanitar, həmçinin bərpa və yenidən qurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərilib”, – deyə o qeyd edib.
Qeyd edək ki, Rusiya ilə münaqişə nəticəsində Ukraynaya dəyən zərər və yenidənqurma işləri, ümumilikdə, 500 milyard avro qiymətləndirilir. Ukraynanın bərpası konfransı 2017-ci ildən etibarən keçirilir.
