Ekoloji İnformasiya İB Bərdə rayonunda pestisidlərin təhlükələri ilə bağlı ilk seminarını keçirib

24 iyun tarixində Ekoloji İnformasiya İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Pestisidlərin təhlükələri barədə icma maarifləndirmə təşəbbüsü” layihəsi çərçivəsində ilk seminarını Bərdə rayonunda təşkil edib.
Seminarda Bərdə rayonundan olan fermerlər, aqrar sahədə fəaliyyət göstərən mütəxəssislər və kollecin aqronomluq fakültəsinin tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Musa Muradlı layihənin məqsədləri barədə məlumat verərək pestisidlərin insan sağlamlığına, torpaq və su ehtiyatlarına, ümumilikdə ətraf mühitə təsirləri, həmçinin onlardan təhlükəsiz istifadə qaydaları haqqında danışıb. O bildirib ki, belə maarifləndirici tədbirlər kənd təsərrüfatında təhlükəsiz və məsuliyyətli fəaliyyətin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Musa Muradlı layihənin həyata keçirilməsinə göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü ifadə edib.
Seminarda layihənin eksperti, ekoloq alim, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev pestisidlərin növləri, onların düzgün tətbiqi, insan sağlamlığı və ekosistemlər üçün yarada biləcəyi risklər barədə ətraflı təqdimatla çıxış edib. Təqdimat zamanı əyani vasitələrdən və proyektordan istifadə olunması seminarın daha interaktiv və maraqlı keçməsinə şərait yaradıb.
Müzakirələr zamanı fermerlər mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayıb, öz təcrübələrini bölüşüblər.
Tədbirdə iştirak edən “Praym Cotton” MMC-nin mütəxəssisi Sənan Əlizadə və fermer Əhliman Hümbətov layihənin əhəmiyyətini yüksək qiymətləndirərək belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.
Seminarda həmçinin Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Rasim Mustafayev və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon təşkilatının sədri Rafael Vəliyev iştirak ediblər.
Tədbirin sonunda layihə rəhbəri Musa Muradlı seminarın təşkilinə göstərilən diqqət və dəstəyə görə Bərdə Rayon İcra Hakimiyyətinin başçısına və onun aparatına təşəkkürünü bildirib.
Seminar iştirakçılarına dəftərxana ləvazimatları hədiyyə olunub, layihədə iştiraklarını təsdiq edən sertifikatlar təqdim edilib. Tədbir iştirakçılar üçün təşkil olunmuş çay süfrəsi ilə yekunlaşıb.