Dövlət tibb müəssisələrində uzun illərdir vətəndaşların narazılığına səbəb olan növbə probleminin ilin sonuna qədər minimuma endirilməsi hədəflənir. Musavat.com xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev media nümayəndələri ilə keçirilən qeyri-formal görüşdə danışıb.
Onun sözlərinə görə, elektron növbə sisteminin tətbiqi mərhələli şəkildə genişləndirilir. Gələn həftədən etibarən daha 6 tibb müəssisəsi bu sistemə qoşulacaq.
B.Rzayev bildirib ki, yeni mexanizm vətəndaşlara daha çevik seçim imkanı yaradacaq. Belə ki, seçilən tibb müəssisəsində lazımi həkimə boş növbə olmadıqda, eyni ixtisas üzrə digər dövlət xəstəxanalarında çalışan həkimlərə də onlayn qaydada müraciət etmək mümkün olacaq. Əsas məqsəd mövcud tibbi resurslardan daha səmərəli istifadə etmək və vətəndaşların xidmətə çıxışını asanlaşdırmaqdır.
İcraçı direktorun müavini vurğulayıb ki, hər bir həkimin gündəlik qəbul imkanları məhduddur və bu amil nəzərə alınmalıdır. B.Rzayev qeyd edib ki, vətəndaşlar yalnız bir həkimdə növbə tapmadıqları üçün narazılıq etməməlidirlər. Alternativ olaraq digər dövlət tibb müəssisələrində eyni xidmətlərdən yararlanmaq mümkündür. Elektron növbə tətbiq edilən müəssisələrdə bu prosesdə vətəndaşlara dəstək göstərən əməkdaşlar da fəaliyyət göstərir.
O, həmçinin vətəndaşları istifadə etməyəcəkləri növbələri vaxtında ləğv etməyə çağırıb. Bildirib ki, bəzi tibb müəssisələrində onlayn növbə götürənlərin yalnız 58 faizi qəbulda iştirak edir, qalan 42 faiz isə növbədən istifadə etmir. Bu isə həm həkimlərin iş vaxtının səmərəliliyinə mənfi təsir göstərir, həm də digər pasiyentlərin xidmətə çıxışını çətinləşdirir.
Direktor müavini əlavə edib ki, sistemin ölkə üzrə daha geniş tətbiqi üçün dövlət satınalmaları prosesi artıq başlanıb. Planlaşdırılır ki, ilin sonuna qədər elektron növbə sistemi daha çox tibb müəssisəsini əhatə etsin. Nəticədə vətəndaşlar əvvəlcədən dəqiq qəbul vaxtı təyin edərək uzun gözləmələrdən xilas olacaq və tibbi xidmətlərə daha rahat çıxış əldə edəcəklər.
