Əsas səhifə 

Rusiya dəmir məhsullarının BTQ vasitəsilə Türkiyə bazarına daşınmasına başlanılıb

ARANTV.AZ xəbər verir ki, Ulu Öndər Hyedər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti həm qlobal, həm də regional yükdaşımalar üçün ən əlverişli, etibarlı və təhlükəsiz yollardan birinə çevrilib. Artıq Rusiya dəmiri Türkiyə bazarına bu yol vasitəsi ilə çıxarılır. Belə ki, Rusiyanın qara metallurgiya sənayesindəki ən böyük müəssisəsi olan Maqnitoqorsk Metallurgiya Kombinatı, Türkiyə bazarına çıxardığı məhsulu Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımağa başladı. Bu nəql “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan “ADY Ekspressin” operatorluğu ilə həyata keçirilir. Maqnitoqorsk Metallurgiya kombinatının yükünü daşıyan ilk vaqonlar artıq Türkiyədədir.

Rusiyanın Maqnitoqorsk-Qruzovoy stansiyasından yola salınan dəmir ilə yüklənmiş vaqonlar 17 gün ərzində Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatdırıldı. Bu Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Türkiyəyə göndərilən ilk dəmir məhsullarıdır. Bu vaxta kimi, Maqnitoqorsk Metallurgiya kombinatının yükləri əvvəlcə Novorosiysk limanına, oradan da gəmi vasitəsi ilə İskəndəruna çatdırılırdı.  Bu zaman yüklər 6 min kilometrə yaxın məsafəni qət edərək, yalnız 30 gün sonra təyinat yerinə çatdırılırdı. Onu da qeyd edək ki, gəmilərin hərəkəti hava şəraitindən də asılıdır. Eyni zamanda limanlarda yüklərin vaqonlardan gəmilərə yüklənməsi əlavə vaxt və vəsait itkisi ilə nəticəlinirdi. Bütün bu amillər Bakı-Tbilisi-Qars dəmir yolunun üstünlüklərini daha aydın nümayiş etdirir.

Maqnitoqorsk Metallurgiya Kombinatı Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir. Həmin yükün bundan sonra Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql edilməsi planlaşdırılır. Rusiyanın digər müəssisə və şirkətləri də artıq bu layihəyə böyük maraq göstərirlər. Məsələn, keçən ay Bakı-Tbilisi-Qars vasitəsi ilə Rusiyadan taxıl daşınmasına start verilib. Beləliklə, Azərbaycanın təşəbbüsü, məqsədyönlü siyasəti və xüsusi səyləri ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi təkcə Asiya ilə Avropa arasında yox, eyni zamanda region ölkələri arasındakı yükdaşımalar üçün də böyük əhəmiyyətə malikdir. Layihəyə, Orta Asiya ölkələri, Əfqanıstan və bir çox Avropa ölkəsi tərəfindən də böyük maraq göstərilir.

Daha çox xəbərlər

Leave a Comment