Perudan Azərbaycana QARAGİLƏ nümunəsi – İldə 2,5 milyard dollar qazanmaq olar, əgər…
Son illər dünyada ən sürətlə inkişaf edən kənd təsərrüfatı sahələrindən biri qaragilə (blueberry) istehsalıdır. Bir vaxtlar Peruda demək olar ki, tanınmayan bu giləmeyvə cəmi 15 il ərzində ölkənin ən gəlirli ixrac məhsullarından birinə çevrilərək hər il təxminən 2,5 milyard dollar gəlir gətirir.
İndi bütün dünya Perunun qaragilə uğurundan danışır. Bu uğur Azərbaycanın aqrar sektoru üçün də maraqlı nümunə hesab oluna bilər.
2010-cu illərin əvvəlində Peruda qaragilə plantasiyalarının ümumi sahəsi cəmi 80 hektar idi. Məhsul yalnız bir neçə təsərrüfatda sınaq məqsədilə yetişdirilir, daxili bazarda isə nadir və bahalı giləmeyvə sayılırdı. Lakin dövlətin ixracyönümlü aqrar siyasəti, özəl investisiyalar və müasir texnologiyaların tətbiqi nəticəsində Peru qısa müddətdə dünyanın ən böyük qaragilə ixracatçısına çevrildi.

Hazırda ölkə ildə 380–410 min ton qaragilə ixrac edir və bundan 2,5 milyard dollara yaxın gəlir əldə edir. Peru dünya bazarının təxminən 35 faizini nəzarətdə saxlayaraq ABŞ, Kanada və Çili kimi uzun illər lider olmuş ölkələri geridə qoyub. Perunun ən böyük üstünlüyü bazarı düzgün oxuması oldu. Sahibkarlar yüksək qiymətə satılan, uzun müddət saxlanılan və uzaq məsafələrə daşınarkən keyfiyyətini itirməyən məhsula investisiya etdilər.
Bundan ötrü qaragilə əkini üçün əlverişli iqlim zonaları seçildi. Damcı suvarma sistemləri quruldu, yüksək məhsuldar sortlar idxal edildi. İxrac və soyuducu anbarlar logistikası beynəlxalq standartlara uyğunlaşdırıldı.
Perunun uğurunun maraqlı tərəflərindən biri plantasiyaların əhəmiyyətli hissəsinin quraq sahil zonalarında və yarımsəhra ərazilərində salınmasıdır. Müasir suvarma texnologiyaları hesabına əvvəllər kənd təsərrüfatı üçün yararsız görünən torpaqlar yüksək məhsuldarlıq verməyə başlayıb. Müxtəlif sortlardan istifadə isə mövsümün uzanmasına və fermerlərin il ərzində daha uzun müddət məhsul satmasına imkan yaradır.
.jpg)
Peru məhsulu əsasən avqust-noyabr aylarında ixrac edir. Bu dövrdə ABŞ və Avropada yerli qaragilə mövsümü başa çatdığı üçün bazarda rəqabət azalır, qiymətlər isə yüksəlir. Məhz bu amil Perunun gəlirlərinin əsas səbəblərindən biri hesab olunur. Əsas alıcılar isə ABŞ, Niderland və son illərdə sürətlə böyüyən Çin bazarıdır.
Mütəxəssislər hesab edirlər ki, lazımi aqrotexniki tələblər yerinə yetirildiyi halda qaragilənin Azərbaycanda da sənaye miqyasında becərilməsi mümkündür. Bu bitki üçün ən əlverişli bölgələr Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı, Lerik və Yardımlı hesab olunur. Qaragilənin əsas tələbi turş torpaq olduğundan plantasiyalarda torf, xüsusi torpaq qarışıqları və damcı suvarma sistemlərindən istifadə edilir. Tam məhsuldarlıq dövründə bir hektardan orta hesabla 10–18 ton, əlverişli şəraitdə isə 20 tona yaxın məhsul əldə etmək mümkündür.
Dünya bazarında topdansatış qiymətləri mövsümdən asılı olaraq 5–10 dollar/kiloqram arasında dəyişir. Bu isə bir hektardan əldə olunan məhsulun satış dəyərinin on minlərlə, bəzi hallarda isə yüz min dollara yaxın olmasına imkan yaradır. Hesablamalara görə, tam məhsuldarlığa çatmış plantasiyalarda 1 hektardan ildə təxminən 30 min dollardan 125 min dollara qədər xalis gəlir əldə etmək mümkündür. Gəlirin həcmi məhsuldarlıqdan, ixrac bazarlarından, logistika xərclərindən və istifadə olunan texnologiyadan asılı olaraq dəyişir.
Perunun təcrübəsi göstərir ki, kənd təsərrüfatında uğurun sirri münbit torpaqla və ya ənənəvi məhsullarda deyil. Əsas məsələ dünya bazarının tələbatını vaxtında görmək, müasir texnologiyaya investisiya qoymaq və ixrac zəncirini düzgün qurmaqdır. Azərbaycan da müxtəlif iqlim qurşaqlarına malik ölkə kimi yüksək əlavə dəyər yaradan ixracyönümlü məhsulların istehsalını genişləndirmək üçün kifayət qədər böyük potensiala sahibdir.
Bir zamanlar Peruda demək olar ki, heç kimin tanımadığı qaragilə bu gün ölkəyə hər il 2,5 milyard dollar qazandırır. Bu fakt göstərir ki, düzgün strategiya, elmi yanaşma və bazar düşüncəsi bəzən təbii sərvətlərdən də qiymətli ola bilir…