YAP-ın deputatlarla bağlı yeni siyahısı varmı? – Millət vəkillərindən AÇIQLAMA
Bəzi kütləvi informasiya vasitələrində Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasından (YAP) qatılacaq namizədlərin tam siyahısı bu gün açıqlanacağı ilə bağlı informasiyalar gedib. Həmin informasiyada bildirilir ki, yeni siyahıda Siyavuş Novruzov, Eldar İbrahimov, Hadi Rəcəbli, Arif Rəhimzadə, Ziyad Səmədzadə, Fəttah Heydərov, İsa Həbibbəyli, İlham Əliyev, Elman Nəsirov, Hüseynbala Mirələmov, Ağacan Abıyev, Əhliman Əmiraslanov, Naqif Həmzəyev, Zeynəb Xanlarova, Əliağa Hüseynov, Mirkazım Kazımov, Tahir Rzayev, Cavid Osmanov, Hacı Madar Musayev, Flora Qasımova, Əsabil Qasımov, Yaqub Mahmudov, Elşən Musayev, Sona Əliyeva, Elmira Axundova, Nizami Cəfərov, Aqiyə Naxçıvanlı, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Cavid Qurbanov, Rövnəq Abdullayev, Zahid Oruc, İqbal Məmmədov və digər şəxslər yer almayacaq. Bundan əlavə bildirilib ki, Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov YAP-ın yeni siyahısında yer alacaq. O deputat seçildiyi təqdirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri ola bilər.
Bununla bağlı Sonxeber.az-a danışan Respublika Ağsaqqallar şurasının sədri, millət vəkili Fəttah Heydərov yayılan siyahıdan xəbərsiz olduğunu bildirib. “O saytlar şər xəbərlər yayırlar. Siyahı elan olunanda namizədlərin adı hər kəsə bəlli olacaq”.
Deputat Cavid Osmanov vurğulayıb ki o saytları ciddi hesab etmək olmaz: “Onların yaydığı informasiya boş bir şeydir. Siyahıda mənim adımın olub-olmaması Yeni Azərbaycan Partiyasının qərarıdır. Yeni Azərbaycan Partiyasının qərarı mənim üçün bir əmrdir. Mən partiyaya bağlı insanam. Hələlik Yeni Azərbaycan Partiyasının siyahısı elan olunmayıb. Bu xəbər sadəcə şouya meyilli olan saytların uydurmasıdır”.
Deputat Tahir Rzayev söyləyib ki, hər sayt və ictimai təşkilat öz proqnozunu verir: “Onlara bir söz deyə bilmərəm. Yeni Azərbaycan Partiyası siyahını elan edəcək. Onda bilinəcək ki, seçkilərə Yeni Azərbaycan Partiyası kimlərlə gedir.Partiyanın verdiyi qərarda bizim üçün qanundur. Biz Yeni Azərbaycan Partiyasının əsgərləriyik. Bir neçə dəfə bizə etimad göstərib, namizədliyimizi verib. Sonda Yeni Azərbaycan Partiyası öz sözünü deyəcək. Ayrı-ayrı saytlar, ictimai təşkilatlar, birliklər sadəcə öz proqnozunu verir. Kimə yaxındırlarsa onların adlarını söyləyirlər. Onların proqnozu bizim üçün əsas ola bilməz”.
Deputat Elman Nəsirov bildirib ki, bu gün internet əsiridir: “Mənim yadıma cənab prezident İlham Əliyevin Bakı Dövlət Universitetitində 100 iliyi ilə bağlı mərasimdəki çıxışını düşdü. O zaman cənab prezidentimiz bildirmişdi ki, bu gün ölkəmizdə azad internet var. Əhalimizin 80 faizindən çoxusu internet istifadəçisidir. 2 miyondan çox insan sosial şəbəkələrdən istifadə edir. Bu gün yalanı yazırlar. Bu yalanı da məqsədyönlü şəkildə müzakirə açıb, camaata sırımaq istəyirlər. Cənab prezidentimizin söylədiyinin həqiqət olduğuna bu gün bir daha əmin olduq. Bəzi saytlarda yayılan o siyahı da bu cür yanaşmanın nəticəsidir”.
Elman Nəsirov qeyd edib ki, Yeni Azərbaycan Partiyası tezliklə öz siyahısını elan edəcək. Belə olan halda o saytlar bu siyahını hardan götürüblər: “Yazırlar ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası olacaq. Bu iclasda siyahı elan olacaq. Əgər bu siyahı İdarə Heyətində təsdiqlənəcəksə, bu siyahı sizdə hardandı? Bütün bunların hamısı blefdir. Absurd yanaşmanın nəticısidir. Bir çox hallarda özlərini məlumatlı sayt kimi göstərmək istəyirlər. Bir az zaman keçəndən sonra bəlli olur ki, iddiaları heç bir həqiqətə uyğun deyil. Yalan xəbərdir. Sadəcə populizm xətrinə atılan addımdır”.

