Siyasət 

İlham Əliyev: “ASAN” bizim intellektual məhsulumuzdur

Hər bir sahədə inkişaf üçün böyük meydanın olduğunu önə çəkən dövlətimizin başçısı bildirir ki, bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını deyil, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir

Yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən uğurların davamlılığının təmin edilməsində elmin, təhsilin və iqtisadiyyatın birliyinin yaradılmasını vacib amil kimi önə çəkdi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasında əsas hədəflərdən biri məhz Azərbaycanda təhsilin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə nail olunması, bilik və bacarıqların səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan inkişaf modelinə keçidin təmin olunmasıdır.

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər  ölkəmizin bu və ya digər sahələrdə malik olduğu imkanların, elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının, ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır.

Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir.  Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Bu ilin mühüm beynəlxalq əhəmiyyətli tədbirləri sırasında yer alan dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı BMT-nin Dövlət Xidmətləri Forumu Azərbaycanın bu sahədə mövcud imkanlarına bir daha işıq saldı. Forum Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həmin tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”in, ABAD-ın uğurlarından geniş bəhs edərək bildirmişdir ki, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 Anlaşma Memorandumu imzalanmış, bununla kifayətlənməyərək dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyi davam etdiririk.

Dövlətimizin başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin priortetliyi xüsusi olaraq önə çəkilir. “Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar” söyləyən ölkə Prezidenti davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırmışdır. Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması əsas yer tutur. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. Gələn ay “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının bir ili tamam olur. Cari ilin ötən dövründə əldə olunan sosial-iqtisadi göstərtəricilərə diqqət yetirdikdə nəzərdə tutulan dövrdə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olacağımızı böyük əminliklə qeyd edə bilərik.

Atılan addımlar günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına da geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Daim ilklərə imza atan  Azərbaycan əvvəldə də qeyd etdiyimiz kimi, “ASAN xidmət”, “ABAD”, “DOST” layihələri də diqqət mərkəzindədir. Bu layihələr şəffaflağın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə,  elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Azərbaycanın dünyada yenilikçi ölkə kimi nüfuz qazanmasını təsdiqləyən mühüm hadislərdən biri kimi ötən il  İmişlidə “ASAN Həyat” kompleksinin açılışında robot “Sofiya”nın iştirakını da qeyd edə bilərik. “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Azərbaycandakı yenilikləri, təkmilləşməni yüksək dəyərləndirən  “Sofiya” bildirmişdir ki, “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir.

Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Şamaxı rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışından sonra kompleksin əməkdaşları ilə keçirdiyi görüşdəki nitqində də  “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının genişlənməsi fonunda şəffaflığın təmin olunması əsaslı şəkildə diqqətə çatdırılmışdır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Vətəndaşlar bu mərkəzlərdə onlara göstərilən xidmətlərin yüksək səviyyəsindən, operativliyin və şəffaflığın təmin olunmasından, neqativ halların aradan qaldırılmasından məmnundular. “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalının kifayət qədər yüksək olduğunu diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirir: “Şadam ki, “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faiz faizdir. Yəni, bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb. Eyni zamanda, “ASAN xidmət” cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olubdur. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir.”

Qeyd edək ki, Şamaxıda açılışı olan “ASAN Həyat” kompleksi sayca 16-cı mərkəzdir. Artıq 4 mərkəzdə tamamlama işləri aparılır. Kürdəmir, Ağcabədi, Tovuz mərkəzləri hazırdır, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcək. Bakıda 5 mərkəz fəaliyyət göstərir. Bakıda daha 2 əlavə mərkəzin açılması nəzərdə tutulur. “ASAN bizim intellektual məhsulumuzdur” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, intellektual məhsulun, xidmətlərin ixracı gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır. Dövlətimizin başçısı İlham Əliyev həmin nitqində bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, “ASAN xidmət” mərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərir və bir neçə ölkə ilə bizim artıq anlaşma memorandumlarımız və sazişlər imzalanıb. “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli mexanizmlərdən biridir: “Azərbaycanda korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq, yaxud da ki, əhəmiyyətli dərəcədə azaltmaq üçün əməli tədbirlər görülür. Bu tədbirlər həm nəticə verir, həm də verəcək. Ona görə inzibati tədbirlərlə, cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də görülməlidir ki, biz korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək. Biz buna nail oluruq.”

Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən “ABAD”, hər bir vətəndaşın yaxın dostuna çevrilən “DOST” idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir. Dövlətimizin başçısı eyni zamanda bildirir ki, rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Biznesin sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə beynəlxalq səviyyədə  qiymətləndirilir, öyrənilir və tətbiq olunur.  Lazımsız yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının bəzi hallarda sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə hər zaman çıxışlarında diqqət yönəldən cənab İlham Əliyev qeyd olunan istiqamətlərdə atdığı addımları ilə sahibkarlığın inkişafına yaradılan imkanları daha da genişləndirir.

Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Yuxarıda qeyd etdiyimiz Forumda BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenminin qeyd etdiyi fikirləri xatırlamaqla ölkəmizdə həyata keçirilən təkmil islahatların beynəlxalq səviyyədə necə yüksək səviyyədə təqdir olunduğunu aydın görürük.  Azərbaycanın innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaratdığını qeyd edən Liu Cenmin bildirmişdir ki, sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısaldılıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyət şəffaflaşdırılıb. Dövlət bu misilsiz nəticəyə xidmətlərin göstərilməsini müasirləşdirməklə, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə nail olub.

Göründüyü kimi, ilklərə imza atan Azərbaycan uğurlu layihələri ilə dünyaya nümunə göstərir. Yeni iqtisadi və sosial inkişaf innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Bu uğurlara yol açan əsas amil isə həyata keçirilən islahatların dövrün, zamanın tələbinə uyğun təkmilləşməsi, müasirləşmənin, yeniləşmənin dövlət siyasətinin əsasını təşkil etməsidir.

Yeganə Əliyeva, “İki sahil”

Daha çox xəbərlər