Gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdır
Bu amillərin sintezi ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcək
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində Dövlət proqramları qəbul edilir.
Təsdiqlənən Dövlət proqramlarına, imzalanan Fərman və sərəncamlara diqqət yetirsək, Azərbaycan gəncliyinin inkişafının prioritetliyini daha aydın şəkildə görərik. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Ölkə Prezidentinin fərmanları əsasında Gənclər Fondunun, Elmin İnkişafı Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi önəm kəsb edir.
Gənclərə etimad göstərilməsi, onların irəli çəkilməsi hələ Ulu Öndərin hakimiyyəti dövründə əsası qoyulan dəyərli bir ənənədir. Xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider fəaliyyətə başladığı ilk zamanlarda gəncliyin potensialından səmərəli şəkildə istifadə etməklə ölkənin qarşısında duran vacib problemlərin həllinə nail ola bilmişdi. Azərbaycanın çətin siyasi durumda olduğu həmin vaxtda dövlət və ordu quruculuğunda, iqtisadi tərəqqinin və milli təhlükəsizliyin təminatında Ulu Öndərin etimad göstərdiyi gənc kadrlar müstəsna rol oynayırdı.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur: «Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq.»
Cənab İlham Əliyev hər çıxışında kadr hazırlığının prioritetliyini önə çəkərək, inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bildirir ki, hər bir ölkənin inkişafında bilik, savad, yeni texnologiyalar əsas rol oynayır. Ötən il ADA Universitetində keçirilən məzun günündə də bu mühüm məqam xüsusi qeyd edilmişdir ki, uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik. Azərbaycanda təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab verməlidir. Gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bu amillərin sintezi ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcək. Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin, elmin inkişafına, kadr hazırlığına göstərilən diqqət və qayğının nəticəsidir. Təhsilə göstərilən diqqət büdcə xərclərində də özünü təsdiqləyir. Büdcə xərclərində əsas yeri təhsil və müdafiə xərcləri tutur. Dövlətimizin başçısı bildirir: «Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.»
Prezident İlham Əliyev Azərbaycan gəncliyinə inamını belə ifadə edir: “Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliyi – bu sintez Azərbaycanda var. Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar… Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq.”
Yaqut Ağaşahqızı, “İki sahil”

