Hadisə 

“Onu öldürə bilmədiyim üçün peşmanam” — Həmyerlisini öldürmək istəyən gəncin etirafı

Xaşmaz rayon sakini cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

ARANTV.AZ-ın məlumatına görə, cinayət məcəlləsinin 29.120 (ölümə cəhd) maddəsi ilə məhkum olunan Teyyub Ağakərimovun məhkəmə prosesinə hakim Əli Seyfəliyev sədrlik edəcək.

Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Teyyub Ağakərimovun barəsində olan apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilib.

Qeyd edək ki, hadisə Xaçmaz rayonunun Yeni Sudur kəndi ərazisində baş verib. Şəxsi münasibətlər zəminində 1992-ci il təvəllüdlü Teyyub Şahbala oğlu Ağakərimov həmkəndlisi 24 yaşlı Roman Şükürağa oğlu Əliosmanovu bıçaqlayıb. T.Ağakərimov R.Əliosmanova 3 bıçaq zərbəsi vurub. Zərbələrdən biri onun ürəyinə dəyib. Ağır vəziyyətdə olan R.Əliosmanov xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Teyyub Ağakərimov saxlanılıb. O, əməlindən peşman olmadığını bildirib.

“Peşmanam ki, onu öldürə bilmədim. Hamı onu da yaxşı tanıyır, məni də. Vurulmalı oğlan idi. Hər kim mənim yerimdə olsa, belə edərdi”, – deyə Teyyub Ağakərimov bildirib.

O, Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

ölkə.az

Daha çox xəbərlər