Siyasət 

Azərbaycan–Ukrayna əlaqələrində yeni mərhələ başlayır-mühüm açıqlamalar

“Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə, etimada və strateji baxışa əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. İki ölkə arasındakı əlaqələr təkcə siyasi-iqtisadi münasibətlər çərçivəsində deyil, eyni zamanda xalqlar arasında humanitar yaxınlaşma və qarşılıqlı dəstək müstəvisində də inkişaf edir. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və dövlətimizin başçısı cənab İlham Əliyevin onunla aprelin 25-də Qəbələdə keçirdiyi təkbətək və geniş tərkibdə görüşü ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm və geniş imkan yaratdı”.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

cc557479-42d7-420f-b52d-a9b0cffe89b3.jpeg (133 KB)

Onun sözlərinə görə, son illərdə Azərbaycan–Ukrayna əməkdaşlığında humanitar istiqamət xüsusi çəkisi ilə seçilir: “Azərbaycan müharibədən zərər çəkmiş Ukrayna xalqına dəstək göstərməklə beynəlxalq həmrəyliyə sadiqliyini əməli şəkildə ortaya qoyur. Xüsusilə ukraynalı uşaqlar üçün təşkil olunan reabilitasiya proqramları dərin sosial və mənəvi məzmun daşıyır. Bununla yanaşı, Azərbaycanın Ukraynaya göstərdiyi texniki-humanitar yardım da diqqətəlayiqdir. Enerji infrastrukturuna dəyən zərərin nəticələrinin aradan qaldırılması üçün elektrik generatorlarının göndərilməsi minlərlə insanın gündəlik həyatının təmin olunmasına xidmət edir. Xüsusilə xəstəxanalar və sosial obyektlər üçün bu cür dəstək həyati əhəmiyyət kəsb edir və Azərbaycanın məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bundan başqa, Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu iki xalq arasında etibarlı körpü rolunu oynayaraq mədəni, sosial və humanitar əlaqələrin genişlənməsinə mühüm töhfə verir”.

Deputat bildirib ki, Azərbaycanın mina təmizləmə və müharibədən sonra bərpa sahəsində topladığı zəngin təcrübə Ukrayna üçün də mühüm əhəmiyyət kəsb edə bilər: “İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın bu sahədə unikal model formalaşdırdığını göstərir. Bu təcrübənin paylaşılması gələcək əməkdaşlıq üçün real və perspektivli istiqamətlər açır”.

S.Salmanova həmçinin qeyd edib ki, Azərbaycan bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini ardıcıl şəkildə müdafiə edir və bu yanaşmanı beynəlxalq münasibətlərin əsas şərti hesab edir: “Məhz bu yanaşma beynəlxalq hüququn aliliyinə, dövlətlərarası münasibətlərdə etimad mühitinin qorunmasına və qlobal sabitliyin təmin olunmasına xidmət edir. Hərbi qarşıdurmalar heç bir halda uzunmüddətli həll yolu deyil və yalnız humanitar fəsadları daha da ağırlaşdırır. Məhz buna görə də Azərbaycan problemin dialoq, qarşılıqlı anlaşma və diplomatik vasitələr əsasında həllini dəstəkləyir”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər