Cəmiyyət 

İştahanı azaldan məhsullar

İştahanı təbii yolla azaldan qidalar əksər hallarda müxtəlif ərzaq və bitki mənşəli məhsullarda olur. Müəyyən meyvə, tərəvəz və bitkilər bəzi qida əlavələrinin gördüyü işə bənzər təsirə malikdir.

Yaşıl çay

Sakitləşdirici təsiri ilə yanaşı, yaşıl çay iştahanın qarşısının alınmasında və artıq çəkidən yaxa qurtarmaqda çox faydalıdır. Onun tərkibi kofein və katexin antioksidantları ilə zəngindir. Kofein piylərin əriməsini stimullaşdırır və iştahanı azaldır, katexinlər isə metabolizmi sürətləndirir və orqanizmdə piyin miqdarını aşağı salır.

Avokado

Bu, iştaha azaldan möhtəşəm təbii məhsuldur. Avokado toxluq hissi yaradan liflərlə zəngindir. Bu meyvənin tərkibində bizim beynimizə doyma barədə siqnal göndərən sağlam yağlar mövcuddur.

Alma

Liflərlə zəngin olan daha bir meyvədir. Alma toxluq hissini gücləndirir, qanda şəkərin miqdarını nizamlayır, bizim qeyri-sağlam qəlyanaltılara olan meylimiz nəticəsində yaranan enerji fərqini aradan qaldırır. Bundan başqa, almanı çeynəmək üçün bizə daha çox vaxt lazımdır. Deməli beynin doyma haqqında siqnalı almağa vaxtı çatır.

Su

Sıfır kaloriyə malik olan su aclığın qarşısını almağın öhdəsindən əla gəlir. Tədqiqatlar göstərir ki, əsas qida qəbulu arasında cəmi iki stəkan su içməklə ümumi əldə olunan kalorinin 90-dək azalmasına nail olmaq mümkündür.

Tünd şokolad

Tərkibində azı 70 faiz kakao paxlası olan az porsiyada tünd şokolad iştahanın qarşısını almaqla sözün əsl mənasında möcüzə törədir. Şokoladın acıtəhər dadı orqanizmə aclıq dərəcəsini azaltmaqda yardım edir. Şokoladın tərkibindəki stearin turşusu həzm prosesini ləngidir və toxluq hissinin müddətini uzadır.

Darçın

Bu ədviyyat qanda şəkərin miqdarını tənzimləyir. Darçın iştahaya nəzarət edilməsi, qlükozanın miqdarının disbalansı zamanı yaranan aclığın qarşısını almaq üçün uyğun ədviyyatdır.

Röya Rasimqızı, “İki sahil”

Daha çox xəbərlər