Təhsil dayanıqlı inkişafın əsas amilidir
24 yanvar Beynəlxalq Təhsil Günüdür
Dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində cəmiyyətin təhsillə üzvi bağlılığı olmuşdur. Gənc nəsillərin tədrisi, öyrədilməsi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdəndir. Ola bilsin ki, bəzi cəmiyyətlər təhsil fəaliyyəti və qurumları üçün kifayət qədər resurs səfərbər edə bilməsin, ancaq hamı təhsilin ictimai həyatda mərkəzi rolunu qeyd-şərtsiz qəbul edir. Bu səbəbdən də Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. BMT-nin bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədini daşıyır. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasında isə dövlətlərin hər bir insan üçün ali təhsil almaq imkanları yaratmasının zəruriliyi vurğulanır. BMT qeyd edir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Hazırda dünyada 265 milyon azyaşlı məktəbə getmək imkanından məhrumdur. Onların 20 faizi isə ibtidai sinif yaşlarında uşaqlardır. Bu azyaşlılar yoxsulluq, diskriminasiya, hərbi münaqişələr və iqlim dəyişməsindən əziyyət çəkən ölkələrdədir. Miqrasiya və məcburi köçkün həyatı da təhsilə əngəl olan başlıca səbəblərdir.
Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq, hər bir gəncə hərtərəfli bilik və bacarıqların verilməsi, sərbəst düşünən, müstəqil qərarlar qəbul etməyi bacaran, fəal həyat mövqeli, aydın dünyagörüşlü kamil vətəndaşlar yetişdirmək məqsədilə təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi dövlət siyasətinin başlıca şərtidir. Dövlətimizin yaxın gələcək üçün qarşıya qoyduğu hədəflərə doğru mühüm bir addım olan bu strategiya ulu öndər Heydər Əliyevin milli təhsilin inkişafı sahəsində formalaşdırdığı zəngin ənənələrə, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə bu sahədə əldə edilmiş böyük nailiyyətlərə söykənir. Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmış, 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1.4 milyard manatdan 2019-cu ildə 2.3 milyard manata çatdırılmışdır. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artmışdır. Azərbaycan tarixinin heç bir dövründə təhsil indiki qədər geniş ictimai maraq predmeti olmamışdır. Bu marağı şərtləndirən əsas amillər isə ölkə Prezidentinin təhsilə olan xüsusi diqqəti, irəli sürülən vəzifələrin bütün respublikada icrası, genişmiqyaslı təhsil quruculuğu işlərinin aparılması, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri olmuşdur. Ölkədə son 5 ildə 500-dən çox, 2003-2019-cu illər ərzində isə 3300-dək məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, nəticədə 1 milyondan artıq şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilmişdir.
Göründüyü kimi, dövlətimizin möhkəm siyasi, iqtisadi təməllər üzərində qurulması və dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilməsi kimi faktorlar imkan verir ki, mövcud olan zəmin və təməllərdən yararlanmaqla innovasion cəmiyyət quruculuğu sürətləndirilsin. Bunun üçün dövlətin qayğı və diqqəti də, maddi imkanları da, mənəvi potensialı da mövcuddur. Yüksək keyfiyyətli təhsil məşğulluğun təmin olunmasının, iqtisadi səmərəliliyin, yoxsulluq riskinin azalmasının və nəhayət həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtlərindən biri hesab olunur. Qeyd etmək lazımdır ki, təhsilin dərəcələri artdıqca məşğulluğun təmin olunması imkanları genişlənir, pul gəlirləri artır, əhalinin həyat səviyyəsi yüksəlir və yoxsulluq azalır. Təcrübə göstərir ki, yüksək bilik və bacarığa malik kadr potensialı olan ölkələrdə yoxsulluq səviyyəsi də aşağı olur. Deməli, keyfiyyətli kadr potensialına malik olmadan iqtisadi inkişafa nail olmaq qeyri-mümkündür. Daha geniş ifadə etsək cəmiyyətlərin iqtisadi inkişafı təkcə iş və kapitaldan asılı deyil, eyni zamanda texnologiyanın inkişafı ilə işçi qüvvəsinin texnoloji baxımdan keyfiyyətinin yaxşılaşdırılmasından da asılıdır.
Sevinc Azadi, “İki sahil”

