Azərbaycan “ITU Telecom World 2018” beynəlxalq sərgi-konfransında təmsil olunur
ARANTV.AZ xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən hər il təşkil edilən “ITU Telecom World 2018” beynəlxalq sərgi-konfransında Azərbaycan da təmsil olunur. Beynəlxalq arenada telekommunikasiya sahəsində ən böyük tədbir hesab edilən “ITU Telecom World” bu il Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilir. Sentyabrın 13-dək davam edəcək tədbirin beynəlxalq tərəfdaşlarından biri də Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Müxtəlif dövlətləri təmsil edən şirkətlərin qatıldığı sərgidə Azərbaycanın Milli Pavilyonu quraşdırılıb. Milli Pavilyonda ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş etdirilir. Tədbir çərçivəsində İKT sahəsi üzrə müxtəlif forumlar, seminarlar, təqdimatlar təşkil olunacaq.

