Gündəm 

İlham Əliyevin liderliyi Azərbaycanı dünya tədbirlərinin əsas ünvanına çevirib – COP29-dan sonra…

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm beynəlxalq platformaya çevrilib. Bu çərçivədə dövlət başçısı BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax ilə görüşüb. Görüş zamanı Bakıda təşkil olunacaq WUF13 forumuna hazırlıq məsələlərinin müzakirəsi Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma, “ağıllı şəhər” və müasir urbanizasiya layihələri dünya miqyasında innovativ və nümunəvi model kimi dəyərləndirildi.

BMT tərəfindən Azərbaycanın WUF13 forumuna yüksək səviyyədə ev sahibliyi edəcəyinə olan inam ölkənin güclü təşkilati imkanlarının və Prezident İlham Əliyevin beynəlxalq təşəbbüslərə verdiyi xüsusi önəmin göstəricisidir.

nehSZxw19jmscV5Tfy6yPHPUzbPSfDRV6YixBZt6_1200.jpg (87 KB)

COP29-dan sonra WUF13 kimi nüfuzlu tədbirin də Azərbaycanda keçirilməsi ölkəmizin qlobal dialoq və əməkdaşlıq məkanına çevrildiyini təsdiqləyir. Azərbaycan bu prosesdə COP və WUF platformaları arasında strateji əlaqə yaradaraq dayanıqlı şəhərsalma və iqlim gündəliyinin inteqrasiyasına mühüm töhfə verir.

Görüş zamanı Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanmış Niyyət Məktubunun əhəmiyyəti xüsusi vurğulanıb. Bu sənəd yalnız WUF13 forumunun hazırlıq və təşkilati modelinin institusional təcrübəyə çevrilməsinə deyil, həm də gələcək forumlara ev sahibliyi edəcək ölkələr üçün praktik idarəetmə və koordinasiya mexanizmi formalaşdırmağa xidmət edəcək. Eyni zamanda “WUF13 Bakı standartları”nın gələcək beynəlxalq forumlarda tətbiqi tədbirlərin operativ idarə olunması, təşkilati səmərəliliyin artırılması və qlobal şəhərsalma platformalarında vahid yanaşmanın formalaşdırılması baxımından mühüm yenilik hesab olunur.

NAQİF.jpg (102 KB)

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax ilə görüşü təsadüfi bir diplomatik tədbir deyil:

“Bu, Azərbaycanın beynəlxalq arenada qazandığı yeni statusun növbəti təsdiqidir. COP29-un uğurla keçirilməsindən cəmi bir il sonra Bakı Ümumdünya Şəhərsalma Forumunun, yəni WUF13-ün ev sahibliyinə hazırlaşır. Bu ardıcıllıq təsadüf deyil. Azərbaycan bu iki platformanı, iqlim gündəliyini və dayanıqlı şəhərsalmanı strateji olaraq bir-birinə bağlayan ölkəyə çevrilir. BMT-nin bu seçimi etməsi özlüyündə mühüm bir mesajdır. Bakıya inam var”.

R5pZSjiyCwQVX3xAmAfChuCiQBFeWyGuKo6XpQlo_1200.jpg (34 KB)

Parlamentarinin sözlərinə görə, görüşün ən əhəmiyyətli nəticələrindən biri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanan Niyyət Məktubudur:

“Bu sənəd yalnız WUF13-ün təşkilati çərçivəsini deyil, eyni zamanda gələcək forumlar üçün bir idarəetmə modeli, “Bakı standartları”nı yaradır. Başqa sözlə, Azərbaycan bu dəfə qonaq kimi deyil, standart müəllifi kimi masaya oturur. Xüsusilə diqqət çəkən məqam odur ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma, “ağıllı şəhər” konsepsiyaları, müasir infrastruktur, sıfırdan inşa edilən urbanizasiya modeli artıq dünya miqyasında maraqla izlənən nümunəyə çevrilib. BMT bu prosesi innovativ model kimi dəyərləndirəndə, bu, eyni zamanda Azərbaycanın öz torpaqlarında qurduğu gələcəyin şəhərlərinə verilən beynəlxalq qiymətdir. Prezident İlham Əliyevin apardığı xarici siyasətin əsas xüsusiyyətlərindən biri də budur. Azərbaycan böyük dünya problemlərinin müzakirə edildiyi forumlarda iştirakçı olmaqla kifayətlənmir, həmin forumları öz torpağında keçirir, öz təcrübəsini gündəliyə gətirir və qlobal həllər üçün platforma rolunu reallaşdırır. WUF13 bu strategiyanın növbəti məntiqi addımıdır”.

1qIvs41T1Sfq9bXOPl4tPKFTlDrQ1pSRq0k3qP1H_1200.jpg (77 KB)

Cavanşir Abbaslı
Musavat.com

Daha çox xəbərlər