Ramanada kriminal qruplaşmalar arasında baş verən atışma ilə bağlı daha 3 nəfər həbs edilib — TƏFƏRRÜAT
ARANTV.AZ-ın məlumatına görə, cinayət məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə axtarışda olan 3 nəfər- 1986-cı il təvəllüdlü Xudiyev Babək İsa oğlu, 1984-cü il təvəllüdlü Xudiyev Çingiz İsa oğlu və Quliyev Qadir Sabir oğlu saxlanılıb. Ötən gün isə barələrində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Cinayətdə iştirak edən digər şəxslərdən Oqtay adlı şəxs isə axtarışdadır.
Xatırladaq ki, Sabunçu rayonunun Ramana qəsəbəsində, məcburi köçkünlərin “Şuşa şəhərciyi”nin ərazisindəki “Naxçıvan” kafesində avqustun 9-da silahlı insident olub. Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Belə ki, gecə saat 22:00 radələrində naməlum şəxs “Kalaşnikov” markalı avtomatla kafeyə daxil olaraq atəş açıb. Bakı şəhər sakinləri — əvvəllər AR Cinayət Məcəlləsinin 127-ci maddəsi (Qəsdən sağlamlığa az ağır zərər vurma) ilə məhkum olunmuş, 1985-ci il təvəllüdlü Namiq Məhərrəm oğlu Allahverdiyevə və 1984-cü il təvəllüdlü Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə ağır yaralanaraq 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Hazırda həkimlər onun vəziyyətini qənaətbəxş hesab edirlər.
İlkin məlumata görə, cinayətin törədildiyi yerə dərhal Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçıları, həmçinin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib, ərazi Daxili Qoşunların bölmələri tərəfindən mühasirəyə alınıb.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər AR Cinayət Məcəlləsinin 226-cı (Radioaktiv materiallarla qanunsuz davranma), 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş, 1967-ci il təvəllüdlü Hikmət Rzaqulu oğlu Abbasquliyev olması müəyyən edilib. Şübhəli şəxs görülmüş tədbirlər nəticəsində saxlanıb.
O da məlum olub ki, Abbasquliyev, həmçinin Rusiyada RF Cinayət Məcəlləsinin 105.1 (qəsdən adam öldürmə) maddəsi ilə də həbsdə yatıb və lap yaxınlarda cəzaçəkmə müəssisəsindən çıxıb.
Abbasquliyev ələ keçirilərkən ondan 1 ədəd nömrəsi silinmiş “AKMS” markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb və cinayətin detalları araşdırılır. Hələlik bu qarşıdurmanın iki cinayətkar qruplaşma arasında baş verdiyi məlumdur.ölkə.az

