Cəmiyyət 

Güzəştli mənzil sahibləri ilə ilk ipoteka müqaviləsi imzalanıb

ARANTV.AZ xəbər verir ki, ayda təxminən 129-136 manat verməklə 1; 203-236 manat ödəməklə 2; 282-288 manatla 3 otaqlı evə sahib olmaq. Söhbət sosial evlərdən gedir. Elektron sistem vasitəsi ilə sentyabrın 5-də ilk satışı həyata keçirilən “Yasamal Yaşayış Kompleksi”ndəki 5 binanın sahibləri ilə müqavilələrin imzalanmasına başlanılıb. Bu gün ilk ipoteka müqaviləsi imzalanıb.

Vətəndaşlar mənzil əldə etmək üçün öz vəsaitləri hesabına və ya digər kredit təşkilatından maliyyə vəsaiti cəlb etməklə, eləcə də, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına mənzilə sahib ola bilərlər. Fondun vəsaiti hesabına ipoteka kreditləri üçün müraciətlərin sayı isə kifayət qədərdir.

Vətəndaşların güzəştli şərtlərlə əldə etdiyi mənzillərin üstünlüyü ondadır ki, mənzillərin dəyəri orta bazar qiymətindən aşağı təklif edilir. Kompleksdə 1 otaqlı mənzillərin qiyməti 29 min 925,  2 otaqlı mənzillərin qiyməti 47  min 282, 3 otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır. Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 5 binasında mənzillərin satışı prosesi başa çatdırılıb. Tam təmirli mənzillər mətbəx mebeli ilə təmin olunur. Sosial mənzil alan vətəndaş 3 il ərzində onu sata və ya kirayəyə verə bilməz. Ümumilikdə, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamalda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzilin inşası aparılır. Növbəti satış elan olunanda da mənzil əldə etmək hüququ olan vətəndaşlar “Elektron imza” və ya “ASAN imza” ilə “Güzəştli mənzil” sistemindəki elektron kabinetlərində mənzilləri bərabər imkanlar daxilində seçə biləcəklər.

Daha çox xəbərlər