Siyasət 

Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə beynəlxalq simpozium keçirilir

ARANTV.AZ xəbər verir ki, Milli Elmlər Akademiyasında Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə beynəlxalq simpozium başlayıb. Tədbir AMEA Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçıllığı ilə keçirilir.

“Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti – Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda keçirilən beynəlxalq simpoziumun iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad olundu. Simpozium iştirakçıları Şəhidlər Xiyabanında qəhrəman Vətən övladlarının və Türk Şəhidliyində uyuyan əsgər və zabitlərin xatirəsini də andılar. “1918-ci il sentyabrın 15-də Azərbaycan Əlahiddə Korpusunun Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Bakının azad olunması ilə şəhər Azərbaycanın paytaxtına çevrildi və bolşevik-daşnak dəstələrinin xalqımıza qarşı törətdikləri soyqırımlar dayandırıldı”. Bu fikirləri Simpoziumun açılışında Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə səsləndirdi. Akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə bildirdi ki, Bakının azad edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm hadisədir.    O zaman  Nuru Paşanın rəhbərliyi altında olan hərbi qüvvələr Azərbaycanın milli hərbi qüvvələri ilə birgə üzərinə götürdüyü tarixi vəzifələri layiqincə yerinə yetirə bildi.

Türkiyənin Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan “Bir millət, iki dövlət” olan Türkiyə-Azərbaycan qardaşlığını zaman-zaman sübut edən tarixi faktlardan söz açdı.

Konfransda Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da çıxış edərək tarixin bu səhifəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışdılar.

Baş nazirin müavini Əli Əhmədov Xalq Cümhuriyyətinin yaradılması və 1918-ci il sentyabrın 15-də Bakının daşnak-bolşevik işğalından azad edilməsinin Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələsi olduğunu dedi. Simpozium sentyabrın 16-dək davam edəcək.

Daha çox xəbərlər