Cəmiyyət 

Qonaq özünü necə aparmalıdır?

Qonaqla bağlı tövsiyələrdən birincisi bundan ibarətdir ki, mömin şəxs öz din qardaşının qonaqlıq dəvətini qəbul etməlidir. Onu evinə qonaq çağıran adamın dəvətini rədd etmək yaxşı iş sayılmır.

Peyğəmbərimiz buyurmuşdur ki, ümmətimdən şahid və qaib olanlara (yəni bu sözümü şəxsən məndən eşidənlərə və eşitməyənlərə) tövsiyəm budur ki, müsəlmanın dəvətini qəbul etsinlər – hətta bunun üçün 5 mil məsafə getmək tələb edilsə belə; çünki bu əməl dindən sayılır. (Burada göstərilən 5 mil məsafə hazırki ölçü ilə 8-10 km.-ə uyğundur).

Müqəddəslərimiz həm özləri qonaq gedər, həm də həvəslə başqasını qonaq kimi qəbul edərdilər. İmam Həsən (ə) yolda onu süfrə başına dəvət edən bir neçə adamın təklifini qəbul etmiş, onların kasıbyana süfrəsinə qatılmış, yeyəndən sonra öz növbəsində həmin adamları öz evinə qonaq çağırmışdı. İmam Rzanın (ə) bu hədisi də deyilənlərə sübutdur: “Səxavətli adam camaatın süfrəsindən yeyər ki, onun da süfrəsindən yesinlər. Simic adam isə camaatın sürəsindən yeməz ki, onun süfrəsindən də heç kim yeməsin”.

Qonaq gedən zaman riayət edilməsi vacib olan bəzi qaydalar vardır ki, hədislərdə bunlara işarə edilmişdir. Məsələn, qonağın getdiyi evdə yemək yeməməsi (əgər bunu tələb edən zərurət yoxdursa) ədəbsizlikdir. Həzrət Peyğəmbər buyururdu ki, bir adamın dəvət edildiyi yerə getməməsi və ya getsə də, orada yeməməsi (ev sahibinə) haqsızlıqdır. Çünki süfrə açılanda yeməmək ya saymazyanalıq, ya iyrənmək, ya da lovğalıq kimi qəbul edilə bilər. Əlbəttə, əgər qonaq toxdursa və yeməyə iştahası yoxdursa, bunu nəzakətlə bildirsə daha yaxşı olar.

Qonaq, getdiyi evdə özünü mədəni aparmalıdır. Ev sahibinin icazəsi olmadan hər yerə baş soxmaq, otaqları gəzmək, ev əşyalarını icazəsiz götürüb baxmaq, ev mükəlləfiyyatının yerini dəyişdirmək ədəbsizlikdir. İmam Mühəmməd Baqir (ə) buyurub ki, qonaq gərək ev sahibinin göstərdiyi yerdə otursun; çünki ev sahibi öz evinin məhrəm cəhətlərini daha yaxşı bilir. Yəni ev sahibinin icazəsi olmadan evin hər hansı guşəsinə baş çəkən adam qadınların olduğu otağa və ya evin məhrəm guşəsi sayılan bir yerə soxulmuş olar, bununla da ev əhlinin rahatlığını pozar. Həmçinin, ev sahibi qonağı müəyyən guşədə otuzdurarkən, ola bilər ki, həmin yerdən qapının, həyətin və ya o biri otaqların görünmədiyini nəzərə alır.

Qonaq təqdim edilən yeməyə ağız büzməməli, hətta yeməyi bəyənməsə belə, bunu üzə vurmamalıdır. Unutmayaq ki, ev sahibi qonağa nə qədər ehtiram göstərməyə borcludursa, qonaq da bir o qədər bu münasibətə qarşılıqlı ehtiramla cavab verməyə vəzifəlidir. Ev sahibindən xüsusi bir yemək tələb etmək, onu artıq xərcə salmaq yolverilməzdir. Rəvayət edirlər ki, bir nəfər İmam Əlini (ə) öz evinə qonaq çağıranda o həzrət üç şərtlə buna razı olduğunu bildirmişdi: “Birinci şərtim budur ki, məndən ötrü kənardan yemək almayasan. İkincisi, evində olan yeməyi məndən əsirgəməyəsən. Üçüncü şərtim də budur ki, məndən ötrü ailə üzvlərinin rahatlığını pozmayasan”. Həmin adam bu şərtləri qəbul edəndən sonra İmam onun qonağı oldu.

Qonaq getməzdən əvvəl ev sahibini bundan xəbərdar etmək lazımdır. Əgər yalnız sizin özünüzü qonaq çağırıblarsa, özünüzlə başqa adam aparmağınız düzgün deyil; hətta apardığınız adam sizin ailə üzvünüz olsa belə. İslam Peyğəmbəri qonaq gedərkən xəbərdarlıq etmədən öz oğlunu da aparmağı haram iş adlandırırdı.

Qəfil qonaq gedən adam həmin yerdə isti qarşılanmayacağına və zəngin süfrə ilə üzləşməyəcəyinə qabaqcada hazır olmalıdır. Çünki o, ev sahibini qəfil haqlamış olur. Atalar sözündə deyildiyi kimi, “qəfil qonaq öz kisəsindən yeyər”.

Qonaq ev sahibinin hörmətindən sui-istifadə etməməli, getdiyi yerdə narahatlıq yaradacaq qədər qalmamalıdır. Hədislərdə qonaq qalmağın müddəti 2 və ya 3 gün göstərilir. Peyğəmbərimizin bir hədisində buyurulur ki, qonağa 2 gecə-gündüz xüsusi ehtiram olunar. Bu günlər ərzində qonağın xatirinə ailənin mətbəxində müəyyən dəyişikliklər edilər, xərc çəkilər, ailənin rahatlığına da xələl gələ bilər. Üçüncü gün isə qonaq artıq ev əhlindən sayılar və ailə üzvlərinin yediyi yeməkdən yeyər. Başqa bir hədisə görə, ziyafətin son həddi üç gündür, bundan sonra verilən qonaqlıq ev sahibi tərəfindən sədəqə sayılar; yəni bundan sonrakı müddətdə qonağı xüsusi olaraq əzizləmək, ona ən gözəl yeməkləri təqdim etmək vacib deyil. Əlbəttə, burada zəruri hallar istisna edilir.

İnsan açıq-aşkarda günah edən, fasiq (davamlı günahkar) adamın evinə qonaq getməkdən çəkinsə daha yaxşı olar. Çünki əvvəla, kiminlə durub-otursan, onun xasiyyətini götürərsən. Günahkarla çox ünsiyyət quran adamın özünün də günaha sürüklənmək ehtimalı artar. İkincisi, fasiqin qazancı adətən haramdan olar, ona görə də onun evində yeyib-içmək haram qida qəbul etmək sayılar. Haram məclislərə qatılmaq, şərab içilən süfrənin arxasında əyləşmək möminə yaraşan hərəkət deyil və günahdır.

(Məqalədə əsasən “Mizanül-hikmə” kitabındakı hədislərdən istifadə edilmişdir).

Daha çox xəbərlər