Milli Oftalmologiya Mərkəzində “zəif görənlər” şöbəsi yaradılıb

ARANTV.AZ xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində “zəif  görənlər” şöbəsinin  təqdimatı olub. Beynəlxalq aləmdə “Low vision” adı ilə tanınan xidmət ölkəmizdə ilk dəfə yaradılıb.

“Gözlər qəlbinin aynasıdır” deyirlər, lakin təkcə qəlbin deyil, həm də sağlamlığın aynasıdır. İnsanın gözləri ilə orqanizmindəki bəzi xəstəlikləri müəyyənləşdirmək mümkündür. Odur ki, gözü nurunu qorumaq üçün vaxtında həkimə müraciət etmək vacibdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yaradılan “zəif  görənlər” şöbəsi pasiyentlər üçün yeni imkanlar təqdim edir. Ölkəmizdə  ilk dəfə yaradılan, son texnologiya ilə təchiz edilən, yüksək elmi potensiala malik peşəkar mütəxəssisləri olan zəif görənlər şöbəsində hər xəstəyə fərdi yanaşılır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi yeniliklər ölkə başçısının səhiyyə ilə bağlı qarşıya qoyduğu tədbirlərin tərkib hissəsidir. 2005-ci ildən Mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq respublikasının müxtəlif regionlarında xəstələrə  xidmət  göstərir.