Vyanada Milli Musiqi Günü münasibətilə konsert təşkil olunub

ARANTV.AZ xəbər verir ki, Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Vyanada tədbir keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzində klassik musiqi axşamı təşkil olunub.

Musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi Üzeyir Hacıbəylinin doğum günü təkcə musiqisevərlər yox, ümumilikdə  xalqımız üçün əhəmiyyətli tarixdir. Hər il klassik musiqinin mərkəzi sayılan Vyanada Azərbaycanın Milli Musiqi Günü münasibəti ilə konsertlər təşkil olunur, iki ölkənin musiqiçiləri birgə çıxışlar edirlər. Növbəti belə tədbirdə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bildirdi ki, Üzeyir Hacıbəyli milli musiqi xəzinəmizi zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri sayılan “Koroğlu” operasını bəxş edib. Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə izmaladığı fərmanla 18 sentyabr tarixinin Milli Musiqi Günü kimi qeyd edilməsi də dahi bəstəkara verilən dəyərin bariz nümunəsidir. Sonra gənclərin çıxışları oldu. Musiqili axşamda pianoçu, bəstəkar və dirijor Abuzər Manafzadənin bədii rəhbərliyi ilə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqram təqdim edildi. Vyana Musiqi və İncəsənət Özəl Universitetinin tələbələrinin ifaları tamaşaçılarda xoş təəssürat yaratdı. Abuzər Manafzadənin bəstələdiyi və Avstriyada ilk dəfə ifa etdiyi “Xocalıya” kompozisiyası böyük maraqla qarşılandı.