İlin ötən dövründə ölkəmizə 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

ARANTV.AZ  xəbər verir ki, son illər paytaxt Bakı turistlərin istirahət etmək üçün üz tutduqları ən cəzbedici şəhərlərdəndir. Bu il ölkəmizə 193 ölkədən 1 milyon 977 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ölkəmizə istirahət etməyə gələn əcnəbilərin sayında artım müşahidə olunur. Tolerant və təhlükəsiz mühiti ilə Azərbaycan əcnəbilərin üz tutduqları əsas ölkələrdəndir. Bu ilin yanvar-avqust aylarında 193 ölkədən 1 milyon 977 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanın qonağı olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çoxdur.  Bunların 31,6 faizi Rusiyanın payına düşür. Digər yerləri isə Gürcüstan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr tutur. Ümumilikdə Azərbaycana gələnlərin hər beş nəfərindən biri Körfəz ölkələrindən olub. Belə ki, onların sayı 433 min nəfər təşkil edib. Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının da sayı 8 faiz artıb. Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin təxminən 56 faizi dəmir yolu və avtomobil, 43 faizi hava, 1 faizi isə su nəqliyyatından istifadə edib.