Gənc könüllülər təhlükəli epidemiyaya qarşı mübarizədə fəal iştirak edirlər
Göyçay rayonunda gənc könüllülər koronavirus (COVID-19) epidemiyasına qarşı mübarizədə fəal iştirak edirlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gənc könüllülər tərəfindən sakinlərə bukletlər paylanılıb, şəhərin mərkəzi küçə və prospektlərində təhlükəli epidemiyadan müdafiə olunmaq üçün maarifləndirici elanlar vurulub.
Respublika ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar könüllülər rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tək yaşayan ahılların evdən çıxmamaq qadağasına riayət etmələri üçün onların gündəlik zəruri tələbatlarının ödənilməsinə kömək göstərirlər. Könüllülər ahıl vətəndaşları qoruyucu maska və əlcəklər, habelə spirt məhlulu ilə təmin ediblər.
Gənc könüllülər evlərdə, eləcə də küçə və parklarda sakinlərlə epidemiyanın təhlükəsi və ondan qorunmaq barədə maarifləndirici söhbət aparırlar. Söhbət zamanı şəxsi gigiyena qaydalarına əməl etməyin, özünütəcrid şəraitinə uyğunlaşmağın, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağın, digər şəxslərlə minimum dərəcədə kontaktda olmağın, insanların sıx toplaşdığı yerlərə getməməyin zəruriliyi barədə danışırlar.

