Bədənində narkotik gətirən qadın hakim qarşısında: əri onu hava limanında qarşılayacaqmış…
Türkiyədən Azərbaycana narkotik gətirmək istəyərkən hava limanında həbs edilən ər-arvad hakim qarşısına çıxarılıb.
ARANTV.AZ Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik gətirmək ittihamı ilə həbs edilən Emin Məmmədov və arvadı Xəyalə Qasımovanın (ad və soy ad şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Beynəlxalq Hava Limanında əməliyyat axtarış şöbəsinin əməkdaşı Fuad Orucov ifadə verib.
Şahid bildirib ki, xidmətdə olan zaman bir xanımın Türkiyədən Azərbaycana narkotik maddə gətirilməsi ilə bağlı əməliyyat məlumatı əldə edib.
Fuad Orucov bildirib ki, qadın saxlan zaman özünü narahat hiss edirərək şübhəli aparırmış: “Üzərində və əşyalarına baxış keçirdik. Bir şey tapılmadı. Daha sonra onun tibbi müayinə otağına aparıb, rentgendən keçirəcəkdik. Bu zaman özü hər şeyi etiraf etdi və xanım əməkdaşlara narkotiki təqdim etdi”.
Məhkəmədə hal şahidi Aygün Abdulova da ifadə verib. Hava limanında xadiməçi kimi çalışan Abdulova söyləyib ki, gömrük işçiləri onu çağıraraq hal şahidi olmasını istəyiblər: “Mən də razılaşdım. Qarnından xeyli dərman çıxdı”.
Məhkəmə prosesi sentyabrın 25-də davam edəcək.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan xanım sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrükçülər tərəfindən nəzarətə götürülüb. Həmin şəxs gömrük nəzarətindən keçən zaman üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı onun əynindəki üst və alt paltarlarında qanunla qadağan edilən əşyalar aşkar edilməsə də qadının özünü narahat hiss etməsi və şübhəli aparması gömrükçülərin diqqətindən yayınmayıb. Bu zaman ona bədən üzvlərinin yoxlanılması məqsədilə Gömrük Məcəlləsinin 64.4 maddəsinə əsasən tibb işçisinin dəvət olunacağı bildirilib. Həmin şəxs tibb işçisinin dəvət olunmasına ehtiyac olmadığını bildirərək, cinsiyyət orqanında gizlətdiyi və qoruyucu rezinin içərisinə qablaşdırılan 427 ədəd çəhrayı rəngli həbləri çıxarıb və gömrükçülərə təhvil verib.
İlkin araşdırma zamanı həmin şəxs həblərin “ekstazi” adlandırıldığını, həmin həbləri həyat yoldaşının təlqini və istəyi ilə sonuncunun tanışlarından pul müqabilində aldığını, ölkə ərazisində dövriyyəsinin qadağan olduğunu bildiyindən daxili orqanında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışdığını etiraf edib.
Qadının etirafları əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində onu qarşılamağa gələn həyat yoldaşı Emin Məmmədov Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində gömrükçülər tərəfindən saxlanılıb.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilən həblər fiziki-kimyəvi və bioloji ekspertizadan keçirilib və onların MDMA (ekstazi) olduğu müəyyən edilib.
Ər-arvad barəsində Cinayət Məcəlləsinin müafiq maddələri üzrə ittiham verilib. Emin Məmmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, onun həyat yoldaşı barəsində polis nəzarəti qətimkan seçilib. Təqsirləndirilən qadın hazırda ev dustaqlığındadır.
Bildirək ki, Xəyalə Qasımova Türkiyədən tək gəlirmiş. O, biznes məqsədi ilə Türkiyəyə dəfələrlə səfər edib. Amma onun daha əvvəlki səfərlərində də narkotik gətirdiyi məlum deyil.
Sonuncu dəfə Xəyalə Qasımova narkotik gətirəndə həyat yoldaşı onu hava limanında qarşılamağa gəlib. Lakin Qasımova saxlanılan zaman narkotiki ərinin sifarişi ilə gətirdiyini deyib. Elə həmin vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları Emini də saxlayıblar.

