Prezident töhmət verdiyi icra başçısına nə demişdi – ayyarım əvvəlki xəbərdarlıq
Martın 6-da gənc icra başçısına “qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur…” deyən Prezident Əliyevin 21 aprel sərəncamı arasında birbaşa və prinsipial əlaqə ortadadır…
Aprelin 21-də prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.
İcra başçısının konkret niyə töhmət almasının digər təfərrüatı haqda başqa rəsmi məlumat yoxdur. Düzdür, bəzi saytlar icra başçısının iki gün əvvəl turizm sahəsi üzrə bir qrup sahibkarla İsmayıllının turizm potensialı ilə bağlı imkanları öyrənmək üçün dağa çıxmasını səbəb kimi göstərir. Amma prinsipcə, əsas təfərrüat yox, nəticədir. Sərəncam prinsipcə, hər şeyi deyir: icra başçısı karantin rejimini pozub. Bütün Azərbaycan koronavirusa qarşı mübarizəyə səfərbər olduğu indiki həssas məqamda həm də…
Dövlət başçısının bu sərəncamı haqda “isti-isti” uzaqgedən rəy bildirmək də doğru olmaz. Amma bu sərəncam hər şeydən əvvəl bu izolyasiya şəraitinə əməl edənlərə bir nümunə, sosial mövqeyindən asılı olmayaraq karantin rejimini pozanlara isə töhmətdir, ya da yaxşıca dərsdir. Hamının qanun-qayda qarşısında bərabər olduğu dərsi…
Cəmi ayyarım əvvəl təyinat almışdı, sonra…
N.Bağırov mart ayının 6-da İsmayıllının icra başçısı təyin edilib. Bunadək Mirdamət Sadıqov 2013-2020-ci illərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
N.Bağırov 4 aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 242 və 151 saylı məktəblərdə alıb.
1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
1998-2000-ci illərdə Sabunçu Rayon Məhkəməsində katib vəzifəsində, 2001-2005-ci illərdə “Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2009-cu ildən etibarən və hazırda Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri olub. 2018-ci ildən etibarən Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) İdarə Heyətinin üzvü olub. 2018-ci ildən etibarən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuranın sədr müavini olub.

Prezident icra başçısına xəbərdarlıq etmişdi…
Bu ilin mart ayının 6-da icra başçısı təyin edilən Nahid Bağırovun töhmət almasını əlbəttə ki, görünən “dağ səfəri” səbəbi üzərində cəmləsək, ona verilən cəzanı haqq edib deməkdir. Amma bu dağın necə deyərlər, görünən hissəsidir. Əsas diqqətçəkən məqam budur ki, yanılmıramsa, ilk dəfədir ki, dövlət başçısı sərəncamla hansısa rayonun icra başçısına töhmət verir. Ola bilsin ki, buna qədər də hansısa məmur şəxsi qovluğuna yazılmaqla töhmət almışdı, amma onun elan edilməsi ilk dəfədir. Güman etmək olar ki, cəmi ayyarım əvvəl İsmayıllıya təyinat alan gənc icra başçısına Prezident daha bir şans verib, amma bu cür töhmətlə həm də…
Daha bir maraqlı məqam da var. Prezident töhmət verdiyi icra başçısını martın 6-da qəbul edəndə (onunla bərabər Neftçalaya təyin edilən icra başçısını da qəbul etmişdi) kifayət qədər açıq danışmış və onlara xəbərdarlıq etmişdi.
İndi diqqətinizə həmin görüşdən bir neçə məqamı çatdıraq. Öncə, bu sitata diqqət edək: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır”. Açıq və necə deyərlər, qəti mövqe. Gənc icra başçılarına “qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur…” deyən Prezident Əliyevin 21 aprel sərəncamı arasında birbaşa və prinsipial əlaqə ortadadır.
Prezident həmin qəbulda xüsusilə sabiq icra başçılarının yaramaz əməlləri haqda danışmışdı:
“Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. Yəni bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir”.
Göründüyü kimi, dövlət başçısı xəbərdarlıqdan lazımı nəticəni çıxarmayan İsmayıllının gənc icra başçısını sərt cəzalandırıb. İndilikdə töhmətlə. Amma razılaşın ki, həm də necə töhmətlə…Bütün məmurların nəticə çıxarması lazım…
musavat.com

