Fermerlər paytaxtda: Novruz yarmarkasında SON QİYMƏTLƏR – REPORTAJ, FOTO
Novruz bayramı ilə əlaqədar “Kənddən şəhərə” Novruz yarmarkaları bu gündən etibarən fəaliyyətə başlayıb. Musavat.com xəbər verir ki, artıq bir neçə gün idi ki, nəzərdə tutulan məntəqələrdə çadırlar qurulmuş, hazırlıq işləri aparılırdı. Həmin məntəqələrdən birində – “Neftçilər” metrostansiyasının yaxınlığında olub yarmarkadakı vəziyyət və qiymətlərlə maraqlandıq.
Yarmarka yeni başladığı üçün məhsul çeşidi hələlik o qədər də bol deyildi. Satıcıların sözlərinə görə, yaxın günlərdə piştaxtalara daha çox məhsul gətiriləcək. Xüsusilə bayram süfrəsinin əsas atributlarından sayılan (qabıqlı) qoz, fındıq və badam hələ satışa çıxarılmamışdı.
Satıcılardan biri bunu belə izah edir: “Yarmarka yeni açılıb. Hələ bütün məhsullar gətirilməyib. Bir-iki günə daha çox çeşid olacaq”. Bununla belə, piştaxtalarda səməni bolluğu diqqət çəkirdi. Səməninin qiyməti 4-6 manat arasında dəyişirdi. Göyərti də kifayət qədər idi – bir dəstə 20 qəpiyə satılırdı. Tərəvəzin qiymətləri isə belə idi: pomidor 4,50-5 manat, xiyar 4,50-5 manat.
Meyvə quruları və çərəzlərin qiymətləri də maraq doğururdu. Alma qurusu 8 manat, iydə 11 manat, tumsuz qara xurma 14 manat, iri xurma 7 manat, xurma qurusu isə 6 manata təklif olunurdu. Narların qiyməti ölçüsünə görə dəyişirdi – balaca narlar 2-2,50 manat, böyükləri isə 5 manat idi. Çərəzlərdən qoz ləpəsi 15-16 manat, innab 12 manat, badam ləpəsi 18 manat, təmizlənmiş fındıq ləpəsi 30 manat, duzlu püstə isə 30 manata satılırdı.
Satıcıların dediyinə görə, yarmarkadakı məhsullar digər bazarlarla müqayisədə nisbətən ucuzdur: “Burada qiymətlər adətən 10-15 faiz aşağı olur. Əsasən “8-ci kilometr” və “Meyvəli” bazarları ilə eyniyik. Amma hazırkı qiymətlərdir, bayrama yaxın dəyişə bilər. Qiymətlər həm də məhsulun gəldiyi rayondan asılıdır. Məsələn, burada Qəbələ, Astara, Kəlbəcər, Sabirabaddan gələn fermerlər var və hər biri məhsulunu fərqli qiymətə təklif edir”.
Yarmarkada bölgələrdən gələn fermerlər öz məhsullarını birbaşa satışa çıxarıblar. Astaradan gələn satıcı piştaxtasında düzülən sitrus meyvələrini göstərərək deyir: “Bu kivi, portağal, naringi və limonların hamısı öz bağımızın məhsuludur. Münasib qiymətə satırıq – kivi 3,50 manat, portağal isə 2,50 manatdır”.
Elə bu vaxt alış-veriş üçün yaxınlaşan bir alıcı da söhbətə qoşulur: “Dünən buradan kivi və portağal almışdım. Çox dadlı çıxdı. Açığı, yerli məhsulların dadı həqiqətən başqadır”.
Yarmarkada bal satılan stend də alıcıların diqqətini çəkirdi. Satıcı bildirir ki, təqdim olunan ballar Kəlbəcərdən gətirilib. Fermer müxtəlif növ balları göstərərək izah edir: “Bu çiçək balıdır, müxtəlif çiçəklərdən toplanır, çox faydalıdır – 40 manatdır. Bu isə meşə balıdır, qiyməti 50 manatdır”.
Satıcı açıq rəngli balı göstərərək əlavə edir: “Bu krem baldır. Bunu baldan və arı südündən hazırlayırlar. Başqa yerlərdə qiyməti 70 manatdan aşağı olmur, biz isə 40 manata satırıq”.
Yarmarkada Sabirabaddan gətirilən narlar da diqqət çəkirdi. Satıcıların sözlərinə görə, kiçik narlar 2,50 manat, böyük narlar isə 5 manatdır…
Qiymətləri müqayisə etmək üçün “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən bazardakı vəziyyətlə də maraqlandıq. Burada məhsul çeşidi daha çox idi və piştaxtalar daha dolu görünürdü.
Çərəz və meyvə qurularının qiymətləri belə idi: qara və ağ kişmiş 12 manat, adi püstə 27 manat, fındıq ləpəsi 22 manat, qovrulmuş və təmizlənmiş fındıq ləpəsi 30 manat, qoz ləpəsi 13-15 manat, qarışıq ləpə 12 manat, badam 17 manat, şabalıd 8 manat. Qabıqlı qoz və fındıq 10-11 manat, qabıqlı badam isə 6 manata satılırdı. Qara balaca xurma 10-13 manat, innab isə 5 manat idi.
Müşahidələr göstərir ki, bazarda meyvə-tərəvəzin qiyməti yarmarkaya nisbətən daha baha olsa da, çərəz və meyvə qurularının qiyməti əksinə, bir qədər ucuz idi…
Xatırladaq ki, Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunur. 11 gün davam edəcək yarmarkaların əsas məqsədi bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii və yerli kənd məhsullarına əlçatanlığını təmin etməkdir.
Yarmarkalarda 25 regiondan 147 fermer iştirak edəcək və 150 çeşiddə kənd təsərrüfatı və qida məhsulu satışa çıxarılacaq. Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət məqsədilə yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səyyar qida laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar istədikləri məhsulun keyfiyyət göstəricilərini həmin laboratoriyada yoxlada biləcəklər.
Yarmarkalar saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək. Onlar Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 (“Gənclik” metrostansiyasının yaxınlığı) daxil olmaqla ümumilikdə 12 məntəqədə təşkil olunacaq.
13-17 mart tarixlərində paytaxtın müxtəlif ərazilərində – “Əhmədli”, “Neftçilər”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” metrostansiyalarının yaxınlığında, həmçinin Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Qarant” yaşayış kompleksində yarmarkalar təşkil ediləcək. Eyni zamanda, Sumqayıt, Xankəndi və Ağdaş şəhərlərində də Novruz yarmarkalarının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndində bir günlük səyyar yarmarkalar təşkil olunacaq.
Əlavə edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz təmin olunurlar.
Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com









